
FIFA prezidenti Canni İnfantino Özbəkistan dövlətinin ali mükafatı olan Dostluq Ordeninə layiq görülüb.
Sportnet.az xəbər verir ki, İnfantino özbək futbolunun beynəlxalq arenada inkişafı və irəliləyişindəki şəxsi roluna görə təltif olunub.
Dostluq ordenini ona Özbəkistan Prezidenti Şavkat Mirziyoyev təqdim edib.
Dövlət başçısının qəbulunda FIFA prezidenti ilə yanaşı, ali futbol qurumuna Üzv Assosiasiyaların direktoru, AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədov da iştirak edib.
İnfantino ölkə liderini və özbək xalqını tarixi hadisə - milli komandanın 2026-cı il dünya çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib. Görüşdə böyük yarış və tədbirlərin Özbəkistanda təşkilinə xüsusi diqqət ayrılıb. Daşkənddə FIFA-nın Mərkəzi Asiya ölkələri üzrə regional ofisinin açılmasına dair razılıq əldə olunub.
Qonaqlar Daşkənd Olimpiya Şəhərciyi və Milli Futbol Mərkəzi ilə də tanış olublar. Mərkəzdə İnfantino Özbəkistan yığmasının üzvləri ilə görüşərək, onları mundiala vəsiqə münasibətilə şəxsən təbrik edib və layiqincə çıxış arzulayıb.
Qeyd edək ki, Özbəkistan Azərbaycanla birlikdə 2027-ci il U-20 dünya çempionatına namizədliyini irəli sürüb.