Bu gün Azərbaycan millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, D qrupunun II tur matçında rəqib Ukrayna yığması olub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Yunanıstanlı referi Vasilios Fotiasartıq 3-cü dəqiqədə Bəhlul Mustafazadənin Vladislav Vanata qarşı kobud oynadığını iddia edərək, Azərbaycan yığmasının qapısına penalti təyin edib. Lakin VAR-a müraciət etdikdən sonra o, qərarını dəyişib və Mustafazadəyə göstərdiyi sarı vərəqəni ləğv edib.
Qollar isə ikinci hissədə vurulub. 51-ci dəqiqədə Portuqaliya "Benfika"sının "Şaxtyor Donetsk"dən icarəyə götürdüyü Georgi Sudakov hesabı açıb. 72-ci dəqiqədə isə Oleksandr Zinçenko Ukrayna yığmasının qapısı qarşısına havalandırılmış topa əllə toxunaraq, penaltiyə səbəb olub. Fotias bunu VAR-a baxdıqdan sonra təsbit edib.
Kapitan Emin Mahmudov penaltini dəqiq yerinə yetirərək, yığmada Qurban Qurbanovla bölüşdüyü qol rekordunu ələ keçirib. O, milli karyerasında 15-ci qolunu vurub. Beləliklə, hər iki komanda qrupda ilk xalını qazanıb. Bu, həm də milliyə müvəqqəti baş məşqçi təyin olunan Ayxan Abbasov üçün uğurlu başlanğıc olub.
Qeyd edək ki, hər iki komanda ilk turda məğlubiyyətlə üzləşib. Azərbaycan millisi Reykyavik şəhərində İslandiyaya 0:5 hesabı ilə uduzub. Bu nəticədən sonra Fernandu Santuş baş məşqçi postundan istefaya göndərilib. Komandanı bugünkü matça U-21 yığmasının baş məşqçisi Ayxan Abbasov çıxarıb.
Ukrayna millisi isə Parisdə Fransaya yenilib - 0:2.
DÇ-2026, seçmə mərhələ
9 sentyabr
20:00. Azərbaycan - Ukrayna - 1:1
Qollar: Emin Mahmudov, 72 (pen.) - Georgi Sudakov, 51
Hakimlər: Vasilios Fotias, Andreas Meindanas, Mixail Papadakis, Anastasios Papapetru
VAR: Angelos Evangelu
VAR köməkçisi: Yannis Papadopulos (hamısı Yunanıstan)
Hakim-inspektor: Kostas Kapitanis (Kipr)
UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu










































































