
Azərbaycan milli komandasının futbolçusu Səbuhi Abdullazadə evdə Ukrayna ilə 1:1 hesablı heç-heçə etdikləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Oyunla bağlı fikirləriniz necədir?
- Daha əvvəl İslandiya ilə oyunda ağır məğlubiyyət almışdıq. Amma futbol belədir, hər şey ola bilər. İstədik ki, doğma meydana çıxaq və hər şeyi unutdurdaq. Sevinirik ki, yaxşı mübarizə apardıq və nəticədə yaxşı oyun alındı.
- Baş məşqçinin dəyişməsi oyuna necə təsir etdi?
- Hər şey yaxşı idi. Oyuna hazırlığımız baxımından da yaxşı təsir göstərdi, çünki bilirdik ki, əvvəlki oyunu pis məğlubiyyətlə başa vurmuşuq. Bunu azarkeşlərimizə unutdurmalı idik, borcumuz var idi.
- Santuşun millidən qovulması barədə nə deyə bilərsiniz?
- Bu barədə heç nə deyə bilmərəm.
- Yerli baş məşqçinin olmasını istərdiniz?
- Nə deyəcəyimi bilmirəm. Biz futbolçuyuq, hansı baş məşqçini təyin etsələr, onun tapşırıqlarını yerinə yetirəcəyik.
- Ayxan Abbasovla yola davam etmək istəyirsinizmi?
- Qərar rəhbərliyinindir. Ayxan Abbasovla əvvəllər də işləymişəm, "Sumqayıt"da. Onun məşqçilik bacarığına şübhə yoxdur.
- Santuşla Ayxan Abbasovun fərqi nə idi və nə hiss etdiniz?
- Ən azından milli ruhu hiss etdik.
- Premyer Liqada ilk 3 oyundan sonra turnir cədvəlində yüksək yerdəsiniz. Sonraki hədəfləriniz nədir?
- Belə davam edərək, bacardığımız qədər xallar yığmağa çalışacağıq.
- Şəxsi olaraq Fransa ilə oyuna necə hazırlaşmağı düşünürsünüz?
- Hələ 1 ayımız var. Milli komandaya çağırılsam, oyuna bütün var gücümüzlə çıxacağıq.
- Sanki rəqib komanda daha möhkəm idi, onların kapitan xarakteri var idi. Siz isə elə bil şahmatçısınız, elitar idman növləri ilə məşğul olursunuz və o əzmkarlığı görə bilirik. Bunun səbəbi baş məşqçidəndir, yoxsa necə?
- Biz nə şahmat oynayırıq, nə də voleybol. Meydana çıxırıq ki, canımızı qoyaq. Burada 23 nəfər varsa, hamısı başa düşür ki, nə üçün buradayıq. Müqayisə üçün heç nə deyə bilmərəm. Siz elə görürsünüzsə, mən nə deyim? Məndə həmişə milli ruh və əzmkarlıq olub və həmişə olacaq.
Aliya ƏLƏSGƏROVA