
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az “qırmızı-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, Kamerun əsilli fransalı yarımmüdafiəçi Jondo Fuxs transfer edilib.
27 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni komandasında 44 nömrəli formanı geyinəcək. Halbuki, "Qəbələ" PFL-ə göndərdiyi iştirak ərizəsində bu formanın sahibi kimi Salman Ələsgərovu göstərib. Lakin Ələsgərov Premyer Liqanın ilk 3 turu ərzində nə əsas heyətdə, nə də ehtiyat oyunçular skamyasında yer alıb.
Fuxs karyerasına Fransanın “Soşo” klubunda başlayıb. Daha sonra İspaniya təmsilçisi “Alaves”ə transfer olunan futbolçu İsrail komandası “Makkabi Hayfa”nın da formasını geyinib. Şotlandiyada “Dandi Yunayted”, İngiltərədə isə “Piterboro Yunayted”in heyətində çıxış edən Fuxsun son klubu İsrail təmsilçisi “Bney Sahnin” olub.
Fuxs həmçinin Fransanın U-19 və U-20 milli komandalarının şərəfini qoruyub. O Kamerunun əsas millisinin heyətində 2 oyuna çıxıb.
Qeyd edək ki, “Qəbələ” bunadək Rüfət Əhmədov, Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.