
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, 53 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Yaxşı mübarizəli oyun oldu. Bəlkə də oyunun bitməsini istəmirdik. İstəyirdik ki, 15–20 dəqiqə bu temp davam etsin, futbolçular yorğun halda bir xarakter göstərsinlər. Amma əfsuslar olsun ki, futbol 90 dəqiqədir. Ümumən razı qaldım, texniki səhvlərimiz oldu. Qarşımızda da bizə qarşı çox yaxşı hazırlaşmış kollektiv var idi. Məğlub da ola, bəlkə qalib də gələ bilərdik. Amma ümumən bir xal qazandıq. Rəşad Sadıqova uğurlar arzulayır, onu yaxşı oyuna görə təbrik edirəm. Dediyim kimi, öz oyunumuzdan tam razı qalmasam da, futbolçuların göstərdiyi əzmkarlıqdan razı qaldım.
- Kamilo Duranın hücumdakı oyununu necə dəyərləndirirsiniz? Reallığı nəzərə alsaq, belə demək olarmı ki, Portuqaliyada "Benfika" ilə oyunda məhz hücumda bu oyunçu ilə başlayacaqsınız?
– Hələ gedişata baxacağıq. Ümumən pis oynamadı, yəni, ümumi belə götürsək, çox hücumçuya xas, epizodlarda çox təhlükəli hərəkətlər etdi. Hər an cərimə meydançasına yaxın istənilən anda müdafiəçiləri çaş-baş sala bilər və razı qaldım. Ola bilər ki, hələ tam o mövqeyə uyğunlaşmasın, çünki o mövqedə nadir hallarda oynayıb, amma onda o keyfiyyətlər var. Oyunadək bir neçə günümüz olacaq, rəqibi tam analiz etdikdən sonra hər hansı bir qərar verəcəyik.
- Nəriman Axundzadənın müalicəsi necə gedir?
– Ümumən pis getmir, amma hələ yaxın bir neçə gündə belə gözlənti yoxdur ki, komanda ilə məşqə çıxa bilsin. Fərdi qaydada məşq edir. Danimarka "Kopenhagen"i ilə II tur oyununadək komanda ilə məşq edəcək.
- Ramil Şeydayevin "Qarabağ"a keçəcəyinə dair iddialar nə dərəcədə realdır?
– Yeni belə bir reallıq yoxdur. Hazırda bəli, mənim oyunçuya ehtiyacım var, ən azından milli çempionatda. Yəni, bu gün bir neçə futbolçum zədəlidir: Nərimandan əlavə, Coni Montiel zədələndi, ona da vaxt lazım olacaq. Oyunçu sayında problem ola bilər. Srağagün eşitdim ki, Şeydayev "Neftçi" ilə yollarını ayırıb. Düzü, bəzi səbəblərə görə hələ tam düşünməyə də vaxtım olmamışdı, başım qarışıq idi. Hələlik belə bir reallıq yoxdur, amma dəyərləndirəcəyəm.
- Sizcə, çempionatda uğurlu seçim ola bilərmi?
– Ramil əvvəllər də bizdə oynayıb. Sadəcə, son zaman hazırlığının nə səviyyədə olduğunu bilmirəm. Yenə də mənə elə gəlir ki, dəyərləndirəcəyik.
- Kadinin qolu bir tapşırıq idi?
– Xeyr, mənim belə tapşırığım olmamışdı. Bəzən bu, futbolçunun fərdi ustalığından irəli gəlir, bəzən oyunun gedişatına baxır ki, hansı mövqedə nə etmək olar. Bu, sırf özünə aid olan bir düşüncə idi.
- Emin Mahmudov milli komandada sizə məxsus qol rekordunu uzun müddətdən sonra yenilədi. Bununla bağlı fikriniz necədir?
– Özünü təbrik etmişəm. İdmanda belə bir şey yoxdur ki, kimsənin uğuru, nəticəsi daimi qalsın. Mən bu cür hallara böyük dəyər vermişəm. Emin işgüzkar futbolçudur, bəzi oyunçulara, idmançılara nümunədir. Buna görə də mən onu təbrik etmişəm, yenə də təbrik edirəm. Rəqəmlər bir o qədər də önəmli deyil. Sadəcə, bəlkə də mən orada idim deyə, bəzi futbolçular həvəslənirdilər ki, Qurbandan öndə olaq. İndi bu gün çalışacaqlar Emini geridə qoysunlar. Qoy, digər futbolçulara da motivasiya olsun ki, indi Qurbanı yox, Emini arxada qoymaq lazımdır. Təbrik etmişəm, bir daha təbrik edirəm.
- "Benfika"nı analiz etmisiniz?
– Baxmışam, bəli. Ümumən biz necə tanıyırıqsa, elədir. Çox dinamik futbol oynayırlar. Portuqaliyada ən dinamik futbol oynayan komandadır. Aqressiv, sürətli oyunçuları bir-biri ilə yaxşı balanslanmış kollektiv formalaşdırıb. Yenə də geniş analiz edəcəyik və onlara qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq.