
Fransalı futbolçu İmad Faraj "Neftçi"yə gəlməmişdən əvvəl zədəli olub.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Samir Abasov evdə "Karvan-Yevlax"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra açıqlama verib.
47 yaşlı mütəxəssis bildirib ki, Farajın zədə problemi keçirməsindən özləri də məlumatlı olub.
Abasov 26 yaşlı forvardın aqressiv oynamamasının bununla bağlı olduğuna inanmadığını söyləyib: "Bəlkə bu oyunda nələrisə görüb-sezmisiniz, ona görə sizdə belə rəy formalaşıb. Amma biz İmadı tanıyırıq, məşqlərdə nə qədər xarakterli, aqressiv olduğunu bilirik. Ola bilsin, qayda pozuntusuna yol verməmə qorxusu var idi. Çünki hər toxunuş əleyhimizə verilən cərimə zərbə zərbəsi ilə bitirdi. Bu zərbəni yerinə yetirmək 3-4 dəqiqə vaxt aparırdı. Bütün oyunçularımız bunu başa düşürdülər. Bəlkə də bundan dolayı kontakta girmirdilər. Mən onun aqressiv oynamamasına yalnız bu cavabı tapa bilərəm. Lakin Faraj həddindən artıq yaxşı futbolçudur. Düşünmürəm ki, zədə ilə əlaqədar problemi var".
Abasov ötən gün trasfer etdikləri İfeanyi Metyunun da 7 ay meydandan kənarda qalmasından da xəbərdar olduqlarını etiraf edib: "Onun son klubu İsveçrə "Sürix"i olub. Mayda bizdə olduğu kimi, orada da çempionat bitib. Ondan sonrakı dövrdə təlim-məşq toplanışını buraxıb. Lakin fərdi məşqlər edib. Komanda şəklində məşqlərdən uzaq qaldığından, ümumi tonusdan çıxıb. Əlbəttə, ona vaxt lazımdır. Dəqiq gün də deyə bilmərəm. Çünki hər bir futbolçunun fiziki hazırlığına bağlı olaraq, bir şeylər var. Kimisi 5, kimisi 10 günə formaya düşə bilər. Bu və bundan sonrakı milli fasilə bizə Metyunu qazanmaqda çox kömək edəcək".
Baş məşqçi yeni treansferlərdən Freddi Varqasın çıxışından məmnunluq ifadə edib: "Varqası bu gün tərifləyirəmsə, inanıram ki, çoxları da onu gördüyü işlərə görə tərifləyir. Oyunu həddindən artıq üzərinə götürürdü, rəqibi əksiltmək, hücuma qoşulmaq və dikinə getmək sarıdan çox işlər gördü. Hansı ki, ondan istədiyimiz də budur. Bu gün Varqasın yaxşı tərəflərindən danışırıqsa, deməli, onun özünə də, digər futbolçulara da vaxt lazımdır ki, daha yaxşı olsunlar. Əsla heç bir futbolçudan narazılığımız yoxdur. Əksinə, onları anlayır, başa düşürük. Düşünürəm ki, daha yaxşı işlər görməyə potensialları var".
Təcrübəli mütəxəssis hakimlik barədə suala nə cavab verəcəyini bilmədiyini əlavə edib: "Ardıcıl 3 turdur bu barədə danışıram. Qoy, buna Rüstəm Əfsərli cavab versin".
Öz növbəsində, "Neftçi"nin Media üzrə Koordinatoru hakimliklə bağlı narahatlıq və narazılıqlarının olduğunu dilə gətirib: "Klubun adından deyə bilərəm ki, belə ifadə etmək mümkünsə, bugünkü hakimlikdən məmnun qalmadıq. Xüsusən, oyun dayanmaları, daha sonra bərpaların uzanması, əlavə olunan vaxtın 1 dəqiqəsinin "yeyilməsi" kimi hallar oldu. Açığı, məmnun deyilik. Ümidvarıq ki, bundan sonrakı oyunlarda daha diqqətli, daha məsuliyyətli idarəçilik olar. Bəli, bununla bununla bağlı bir neçə açıqlamamız olub. Konkret, hansısa epizodun üzərində dayana bilmərik. Amma ümumilikdə, bizi narahat edən məqamlar olub".