
Azərbaycan Premyer Liqasında VIII turun növbəti görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Azersun Arena"da "Turan Tovuz" və "Qarabağ" komandaları üz-üzə gəlib.
Görüş Ağdam təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 40-cı dəqiqədə "Turan Tovuz"un legioneri Alexandro Serrano penaltidən açıb. Fasilədən sonra "Qarabağ" oyunda dönüş etməyi bacarıb. Oyuna ikinci hissədə daxil olmuş Nəriman Axundzadə 55-ci dəqiqədə bərabərlik qolunu vurub. 63-cü dəqiqədə isə Abdullah Zubir qələbə topuna imza atıb.
Beləliklə, "Qarabağ" xalını 16-ya çatdırıb və ehtiyatda bir oyununun olmasına baxmayaraq, liderliyə yüksəlib. 8 oyundan 15 xalı olan "Turan Tovuz" isə 2-ci pilləyə enib.
Qeyd edək ki, turun açılış oyununda "Kəpəz" səfərdə "Şamaxı"nı üstələyib - 4:1. Qalan oyunlar 18-19 oktyabrda keçiriləcək.
-------------------------
Azərbaycan Premyer Liqasında VIII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Şamaxı" və "Kəpəz" komandaları üz-üzə gəlib.
Şamaxı şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Hesabı 11-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Sezar Enrike açıb. Lakin Gəncə komandasının hücumçusu Fərid Nəbiyev 34 və 39-cu, braziliyalı forvard Luis Paçu isə penaltidən 67-ci və 85-ci dəqiqələrdə fərqlənərək, 7 oyunluq məğlubiyyət seriyasına son qoyub.
45+1-ci dəqiqədə Abdullahi Şuaybunun qırmızı vərəqə almasından sonra matçı azlıqda keçirən "Şamaxı" isə mövsümdə ilk dəfə darmadağınla üzləşib.
Hazırda "Şamaxı" 9 xalla 7-ci, "Kəpəz" 3 xalla 12-ci pillədə qərarlaşıb.
-----------------
Bu gün Azərbaycan Premyer Liqasında VIII turun ilk 2 oyunu keçiriləcək.
Sportnert.az-ın məlumatına görə, qarşılaşmaları FIFA referiləri idarə edəcək.
"Şamaxı" eyniadlı şəhər stadionunda "Kəpəz"i qəbul edəcək. Görüşün baş hakimi Əliyar Ağayev olacaq. Komandalar çempionatda 39-cu dəfə üz-üzə gələcəklər. Əvvəlki matçların 19-da "Şamaxı", 9-da "Kəpəz" qələbə qazanıbsa, 10 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Şamaxı"nın böyük üstünlüyü var - 62:38. Son 3 şəxsi görüşün hərəsində “Kəpəz” bir qol vurub. Gəncə klubu son 8 səfərdə rəqib meydanından qolsuz dönmür.
7 turdan sonra "Şamaxı" 9 xalla 7-ci yerdə gedir. Hələ də xal qazana bilməyən "Kəpəz" isə 12 komanda arasında sonuncudur.
Günün digər matçında "Turan Tovuz" "Qarabağ"ı qəbul edəcək. Baş hakim Elçin Məsiyevin idarə edəcəyi oyun Ağdam təmsilçisinə məxsus "Azersun Arena"da keçiriləcək, lakin nominal meydan sahibi funksiyasını Tovuz komandası yerinə yetirəcək. Bu, Qərb təmsilçisinin Bakıda son ev oyunu olacaq. X turdan etibarən komanda rəqiblərini ot örtüyü dəyişdirilən doğma stadionunda qəbul edəcək.
İki komanda indiyədək çempionatda 12 dəfə qarşılaşıb. Oyunların 2-dən "Turan Tovuz", 8-dən "Qarabağ" qələbə ilə ayrılıb, daha 2 matç heç-heçə ilə bitib. Topların nisbətində də "Qarabağ" xeyli öndədir - 28:13. Digər tərəfdən, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv səfər matçlarında uduzmayıb. Son dörd görüşdə qonaq olan komanda xal qazanıb.
Hazırda "Turan Tovuz" 7 oyundan 15 xalla 1-ci, "Qarabağ" 6 oyundan 13 xalla 3-cü yerdə gedir.
Azərbaycan Premyer Liqası, VIII tur
17 oktyabr (cümə)
14:30. “Şamaxı”– “Kəpəz” - 1:4
Qollar: Sezar Enrike, 11 - Fərid Nəbiyev, 34; 39. Luis Paçu, 67 (pen.); 85
Qırmızı vərəqə: Abdullahi Şuaybu, 45+1 ("Şamaxı")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Şamaxı şəhər stadionu
19:00. “Turan Tovuz” – “Qarabağ” - 1:2
Qollar: Alexandro Serrano, 40 (pen.) - Nəriman Axundzadə, 55. Abdullah Zubir, 63
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Azersun Arena”
Qeyd edək ki, turun qalan oyunları 18-19 oktyabrda keçiriləcək.