
Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyununda gücünü sınayıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, “Olimpik Star”da keçirilən görüşdə rəqib “Araz-Naxçıvan”ın legionerlərdən qurulmuş heyəti olub.
Fasiləyə qədər tərəflər hərəyə 2 qol vurub. İkinci hissədə üstünlüyə tam sahib olan “Araz-Naxçıvan” yekunda 6:2 hesablı qələbə qazanıb.
Millinin qollarını Emil Həsənzadə və Qüdrət Qasımzadə vurublar.
Baş məşqçi Yevgeni Kukseviçin tapşırığına uyğun olaraq, Ülvi Əliyev birinci hissədə “Araz-Naxçıvan”ın, fasilədən sonra isə millinin heyətində yer alıb.
Ümumiyyətlə oyunda millinin heyətində bu futzalçılar iştirak edib: Kamran Hacıyev (q), Cavad Məmmədov (q), Hüseyn Əbdülov (q), Mirzə Əmirov, Ülvi Əliyev, Ədalət Ələkbərov, Qüdrət Qasımzadə, Emil Həsənzadə, Nihad İsmayılov, Fərid Abbasov, Oktay Rüstəmli, Murad Quluzadə, Kənan Manafov, Eldar Zeynalov, Oqtay Mahmudzadə.