
"Neftçi"nin yeni transferi Vensan Abubakarla bağlı maraqlı məqam üzə çıxıb.
Sportnet.az-ın məlumatına görə, kamerunlu hücumçunun Türkiyənin "Beşiktaş" klubuna dönüşünə Kriştianu Ronaldu səbəb olub.
Ronaldu 2022-ci il dünya çempionatından sonra - dekabrın 30-da Səudiyyə Ərəbistanının "Əl Nəsr" komandasına keçib. Həmin vaxtadək "Əl Nəsr"in hücum xəttində əsas qol ümidi "qara qartallar"dan 2021-ci ilin iyulunda transfer olunmuş Abubakar olub. Lakin Ronaldunun gəlişindən bir ay keçməmiş - 2023-cü il yanvarın 21-də o, komandanı tərk edərək, "Beşiktaş"a qayıdıb.
Abubakar "Əl Nəsr"də 39 oyuna 13 qol və 6 məhsuldar ötürmə müəllifi olubsa, "Beşiktaş"da 117 oyunda 60 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Kamerunlu forvardın ən uğurlu çıxış etdiyi klublardan biri də Portuqaliya "Portu"su (125 oyun, 58 qol, 16 məhsuldar ötürmə) olub.
Lakin təcrübəli forvardın 2024-cü il sentyabrın 9-dan çıxış etdiyi və 2025-ci il mayın 9-da yollarını ayırdığı "Hatayspor"da işləri elə də uğurlu alınmayıb. O, 28 matçda 8 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Vensan Abubakar bu gecə Bakıya gələcək və tibbi müayinədən sonra "Neftçi" ilə müqavilə bağlayacaq.