
"Maraqlı və dinamik oyuna şahidlik etdik. Meydanda yaxşı mübarizə getdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev səfərdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis komandanı yaxşı rəqiblə çətin səfər qarşılaşmasına kökləməyi bacardıqlarını bildirib: "Komanda şəklində yaxşı iş ortaya qoyduq. Elə oyun gedirdi ki, qələbə qazana da, məğlub ola da bilərdik. 1 xal qazandıq. Yolumuza davam edirik".
Baxşıyev qış fasiləsində sırf mərkəz müdafiəçisi mövqeyinə yeni oyunçu transfer etməyə köklənmədiklərini söyləyib: "Qışadək hələ vaxt var. Mərkəz müdafiəçisi mövqeyində sıxıntımız olsa, ora da oyunçu cəlb etmə ehtimalımız var. Amma futbolçularım universaldır və o mövqedə oynaya biləcək futbolçularım var. Düşünürəm ki, sıxıntı yaşamamalıyıq".
Baş məşqçi oyundan sonra baş hakim Fərid Hacıyevlə oyun epizodunu müzakirə etdiyini bildirib: "Buraxdığımız ikinci qol elədir ki, tam qərar vermək də olmur".
Patrik Andradenin enişdə olduğu fikri ilə razılaşmayan Baxşıyev "O, istədiyimiz oyunu bizə verməyə çalışırdı. İstədiyimiz, böyük potensiala malik futbolçudur. Normal oyunçudur, o da komandanın bir hissəsidir. Daha da yaxşı oyunları irəlidədir" deyib.
Yarımmüdafiəçinin dünya çempionatına ilk dəfə vəsiqə qazanmış Kabo Verde yığmasına çağırılmamasına da münasibət bildirən Baxşıyev futbolçunun bundan təsirlənmədiyini açıqlayıb: "Əlbəttə, o da öz ölkəsinin mundialda oynamasına sevinir. Psixoloji təsir altında olduğunu hiss etmirik. Daha çox "Araz-Naxçıvan"a köklənib. Düşünürəm ki, Patrik Andrade ölkəmizdə yaxşı oyunu ilə seçilən futbolçudur və bizə faydası dəyir".
O, Naxçıvan səfərindən də danışıb: "Orada azarkeşlərlə görüş çoxdan nəzərdə tutulmuşdu. Sadəcə, UEFA Konfrans Liqasına hazırlıq və sıx oyun qrafikimizlə əlaqədar həmin səfəri milli fasiləyə salmalı olduq. Amma ümumilikdə faydalı görüş alındı. Komanda da Naxçıvanı görməkdən məmnun oldu. Gördülər ki, necə şəhərdir, orada futbolu necə çox istəyirlər. Düşünürəm ki, ora qayıtsaq, komanda olaraq, böyümə ehtimalımız daha da genişlənər. Bizə vəd olundu ki, yaxın gələcəkdə ev oyunlarımızı Naxçıvanda keçirmə ehtimalımız yüksəkdir".
Baxşıyev Felipe Santosun Benin millisində oynama qərarını şərh edib: "Bu, onun öz qərarıdır. Əlbəttə, vətəni Braziliya millisində oynamaq istərdi. Amma ora düşmə ehtimalı da çox aşağıdır. Hansısa ölkənin vətəndaşlığına sahib olma qərarı müasir futbolda normal haldır. Onun Benin yığmasını seçmə qərarından xəbərimiz var idi. Biz də özünə uğurlar arzuladıq. Santos 2026-cı il dünya çempionatında iştirak arzusu ilə Benin vətəndaşlığını qəbul edib. Amma gələcəkdə bizi nəyin gözlədiyi sualına nə mən, nə də Felipe Santos cavab verə bilərik. Amma bizim üçün önəmli oyunçudur və öz sərəncamımızda olsa, komandamız üçün daha xeyirli olar".