
"Üstünlük bəlkə də rəqib tərəfdədir. Çünki həm öz meydanlarında oynayırlar, həm də matça həddindən artıq ciddi hazırlaşacaqlar. Çünki onların 0 xalı var".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyada "Atletik" komandası ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III tur matçı ilə əlaqədar səfər öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
53 yaşlı mütəxəssis istənilən halda sonadək dözməyə çalışacaqlarını bildirib. Onun fikrincə, bu, çox vacibdir: "Rəqibin son matçlarına baxmışam. Oyunlarında dinamika həddindən artıq yüksək olur. Çox sürətli hücumlara keçirlər. Bəlkə də rəqib cərimə meydançasına topla ən tez gedən komandalardan biridir".
Qurbanov onu da bildirib ki, bu dəfə bütün futbolçuların xidmətlərindən yararlana biləcəklər: "Həmişə narahatlığım futbolçuların milli fasilədən dönüşündən sonra olur. Çünki istər-istəməz hazırlıq fərqli olur, kollektivdə balanssızlıq yaranır. Amma bu, ilk dəfə deyil. Ona görə də oyuna 2 gün öncədən gedirik. Bu gün məşq etdikdən sonra yola çıxdıq ki, futbolçular bu gecə normal istirahət etsinlər və sabah məşqə çıxaq. Uzun səfər olsa da, inanıram ki, faydalı alınacaq".
Qeyd edək ki, oktyabrın 22-də Bilbao şəhərindəki "San Mames" stadionunda keçiriləcək "Atletik" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.