
Peşəkar Futbol Liqası (PFL) Premyer Liqanın təqvimində dəyişikliklər etməli olub.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, səbəb “Araz-Naxçıvan”ın ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena” stadionu noyabrın 30-dək əsaslı təmirə bağlanmasıdır.
Əsasnamənin tələblərinə uyğun olaraq, PFL “Araz-Naxçıvan”dan alternativ stadion təqdim etməsini istəyib və paralel şəkildə ölkə stadionlarının ümumi durumu analiz edilib. Rəqiblərə eyni şərtlərin təmin olunması məqsədilə klubun ev oyunlarını keçirdiyi Bakı və ətraf ərazilərdə yerləşən stadionlar nəzərdən keçirilib.
Aparılmış qiymətləndirmə nəticəsində “Bank Respublika Arena” və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ən uyğun variantlar kimi müəyyənləşdirilib. Yerli və beynəlxalq oyunların qrafiki nəzərə alınmaqla, Azərbaycan Premyer Liqasında IX turun “Araz-Naxçıvan” – “Sabah” oyunu “Bank Respublika Arena”da, XI turun “Araz-Naxçıvan” – “Karvan-Yevlax” və XII turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunları isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, oyunların tarix və başlama vaxtlarında dəyişiklik yoxdur.