"Matçın sonlarında hakimin verdiyi foul qərarında mənim oyunçuma qarşı qayda pozuntusu olmuşdu. Orada niyə cərimə zərbəsi verdikləri mənə qaranlıq qaldı. Bilmirəm Hakimlər Komitəsinin sədri bu barədə nə deyəcək".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IX tur matçı barədə danışarkən deyib.
Litvalı mütəxəssis bildirib ki, baş hakim Rəşad Əhmədovun son saniyələrdə komandasının əleyhinə verdiyi qərar onlara böyük zərər vurub.
O, qələbəni əldən vermələrini də şərh edib: "Çətin oyun idi. Birinci hissədə topa daha çox nəzarət edən tərəf biz idik. Rəqibə heç bir fürsət vermədik. Bəzi epizodlardan yaxşı istifadə edə bilmədik. Hücumları daha yaxşı bitirə bilərdik. İkinci hissənin ilk 5 dəqiqəsi xoşuma gəlmədi. Sanki oyuna yuxulu halda daxil olduq. Mərkəzdə çoxlu top itkiləri oldu. Rəqib bizə böyük təzyiq etmirdi. Qollardan sonra daha açıq oyunun şahidi olduq. Hesabı 3:1 etmək üçün fürsətlərimiz var idi. Hər oyunda 3:0 hesabı ilə qalib gələ bilmərsən. Bir çox matçlar bərabər səviyyədə keçir".







































































