Azərbaycan Premyer Liqasının IX turu iki futbolçu üçün əlamətdar olub.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bunlar “Zirə”nin oyunçusu Ceyhun Nuriyev və "Araz-Naxçıvan"ın legioneri Patrik Andradedir.
Hər iki yarımmüdafiəçi Premyer Liqada 100-cu matçını keçirib.
24 yaşlı Nuriyevin yubileyi “Sumqayıt”la ev matçına (1:0) təsadüf edib. Futbolçu qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.
Hesabında 11 qol olan orta sahə oyunçusu Premyer Liqada iki klubun formasını geyinib. 2020/2021 mövsümündə “Sabah”da debüt etmiş futbolçu ilk klubunda 46 (4 qol), “Zirə”də 54 (7 qol) dəfə şans qazanıb.
Patrik Andradenin yubileyi isə “Sabah”la ev matçında (2:2) gerçəkləşib. Kabo-Verdeli yarımmüdafiəçi start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.
Andrade 2020/2021 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, “Qarabağ”da 92 görüşdə 8 qola sevinib, “Araz-Naxçıvan”da isə 8 matçda iştirak edib.












































































