Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyunlarının heç birində VAR sistemindən istifadə olunmayıb.
Sportnet.az xəbər verir ki, AFFA Hakimlər Komitəsi qarşılaşmalarda VAR-ın istifadəsinə ehtiyac görməyib.
Peşəkar Futbol Liqasının (PFL) Əsasnaməsinin 22-ci bəndində bildirilir ki, Azərbaycan Kubokunda I təsnifat mərhələsi istisna olmaqla, stadion infrastrukturu imkan verəcəyi təqdirdə, VAR sistemi tətbiq oluna bilər.
II təsnifat mərhələsində ümumilikdə 12 oyun keçirilib və qarşılaşmalar iki günü əhatə edib. Matçların 4-ü CBC Sport, qalanları isə PFL-in yutub kanalı vasitəsilə canlı yayımlanıb. Yəni, ən azı 4 matçda stadionun infrastrukturu VAR-ın tətbiqinə imkan verib.
Lakin AFFA Hakimlər Komitəsi heç bir matça VAR hakimləri göndərməyib. Bu isə bəzi oyunlarda mübahisəli qərarların ortaya çıxmasına gətirib çıxarıb. Məsələn, "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya "Qaradağ Lökbatan"ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra baş hakim Kamranbəy Rəhimovun idarəçiliyindən şikayətlənib. O, komandasının qapısına təyin olunmuş penaltini çox şübhəli adlandırıb.
PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev Sportnet.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: "II təsnifat mərhələsində yetəri qədər II və I Liqa klubları var. Ümumilikdə 12 oyun keçirildiyini də nəzərə alaraq, dəyərləndirmələrdən sonra bütün klublara bərabər şərait yaradılması rəhbər tutularaq bu addım atıldı".
Qeyd edək ki, 1/8 final oyunları 2-3 dekabrda keçiriləcək.








































































