"Qarabağ" və İngiltərənin "Çelsi" klublarının 19 yaşadək futbolçulardan ibarət komandaları arasındakı UEFA Gənclər Liqasının IV tur matçını idarə edəcək ukraynalı baş hakim Dmitro Kubryak Rusiya ilə müharibədə könüllü kimi iştirak edib.
Sportnet.az xəbər verir ki, əslən Odessadan olan 37 yaşlı referi 2022-ci ilin martında neyroxirurq kimi Mariupolun müdafiəsinə yollanıb.
O, "Azovstal" zavodunda olan yaralı döyüşçülərə həkim kimi kömək edib. Apreldə isə Kubryak Mariupolun müdafiəçiləri ilə birlikdə əsir düşüb. Beş aylıq əsirlikdən sonra isə ukraynalı ədalət təmsilçisi vətəninə qayıdıb.
Kubryak Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına müsahibəsində əsirlikdən qayıtmasını belə nəql edib: "Əsirlikdən qayıdarkən əsl emosiya partlayışında idim. Elə təəssüratda idim ki, hətta Ukraynanın havası da olduğumuz yerdən fərqli idi. Dəyişmək üçün bizi günyarım KamAZ-larla və təyyarələrlə gətirdilər. Belarusa endik və oradan sərhədimizə gəldik. Bütün bu müddətdə gözlərimiz və əllərimiz yapışqanla bağlanmışdı. Hara getdiyimizi də bilmirdik. İlkin fikir belə idi ki, digər koloniyaya etap olunuruq. Əsir mübadiləsinin olacağı fikri bizi təyyarəyə yüklədikdə meydana çıxdı. Təyyarədən çıxıb avtobusla sərhədədək getdiyimiz bir saatlıq yol boyunca rus OMON-çuları bizə psixoloji terror etdilər. Hətta bir sutka boyunca tualetə getməyimizə də imkan vermədilər. Hələ mən günyarım yemək vermədiklərini demirəm. Hər dəfə deyirdilər ki, istənilən formada itaətsizlik yerindəcə güllələnmə ilə nəticələnəcək".
Referinin sözlərinə görə, sərhəddə avtobusa kostyumda olan şəxs daxil olduqda Ukrayna dilində danışıq eşidib və o zaman başa düşüb ki, artıq öz vətənindədir: "Həmin vaxt tam aydın oldu ki, bu, əsir mübadiləsidir. Bilmirəm ki, həyatda nəyi bu cür hisslərlə müqayisə etmək olar... Avtobusdan çıxdıq, "Ukrayna" işarəsini gördük və bizim tərəfə keçdik".
Kubryak əsirlərə münasibətdən də danışıb: "Yalan danışmayacağam: Tibb işçilərinə münasibət elə də pis deyildi. Onlar xüsusən əllərində silah tutmuş ukryaynalılarla - snayperlər, artilleriyaçılar və tankçılarla daha sərt rəftar edirdilər. Tibb işçilərinə də xeyli sual verirdilər, dəfələrlə bizi sorğu-suala aparmışdılar. Söhbətlərindən belə çıxırdı ki, biz ukraynalı olduğumuza görə günahkarıq. Onlar bizi millətçi, bender, faşist adlandırırdılar. Mariupolu məhv etməkdə bizi ittiham edirdilər. Bizi baraklarda saxlayırdılar. Sayımız 500-600 idi. Əvvəlcə otaqlarda çarpayı yox idi. Sonradan çarpayı və döşək gətirdilər. Biz orada yalnız azadlıq arzulayırdıq və bunun nəyin bahasına başa gələcəyini bilirdik. Bu müddətdə bizə psixoloji təzyiq göstərir, 2-3 günə Kiyevi də alacaqlarını bildirirdilər. Hətta bir rus həkim mənə iş də təklif edirdi. "Müsbət cavab versən, səni dərhal buradan götürüb geyindirəcək və işlə təmin edəcəyik" deyirdi. Amma mən onun monoloqunu sonadək eşitmək də istəmirdim. "Burada 10 il oturmağa hazıram, amma Rusiya ilə yol gedə bilmərəm" cavabını verirdim. Başa düşürdük ki, biz sivil yox, heç bir mənəviyyatı olmayan terrorçu dövlətin əsirliyindəyik. Hər günümüz həyati baxımdan riskli idi".
Qeyd edək ki, noyabrın 5-də "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 15:00-da başlanacaq.







































































