 
"Öncə rəqibin baş məşqçisi və rəhbərliyinə matçın yerini dəyişməyə razılıq verdikləri üçün təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurba Qurbanov evdə "İmişli"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis çox vacib qələbə qazandıqlarını bildirib: "İlk yarıda rəqibin imkanları, penaltisi oldu. Bununla belə oyundan qoymadıq. Premyer Liqada mübarizənin belə məcrada keçəcəyi görünür. Hər bir rəqibə qarşı çiddi hazırlamalıyıq. Bu, futbolçularımız üçün böyük məsuliyyətdir. Rəqibin az vaxtda təşkilatlanmış oyun modeli var. Onlara uğurlar arzulayıram".
Qurbanovun fikrincə, bəzi oyunçular üçün 60 dəqiqə azdır: "Kamillo Duran çox güc sərf etdi. Hücumdakı digər futbolçuların meydanda daha çox olmalarını istədim. Sonda pis alınmadı. Elə bir rejimdə oynayırıq ki, komandanı eyni səviyyədə saxlaya bilmərik. Çalışırıq ki, onları sağlam saxlayaq. Bu, çox vacibdir. İllər boyu belə gedir. Ən azı oyundan qopmamağa çalışırıq. Bu gün rəqib bizə qarşı 5-li müdafiə sistemi ilə çıxmışdı. Yəni, hər bir rəqib bizə qarşı fərqli sistemlə oynayırlar".
Baş məşqçi daha dinamik oynamağa çalışacaqlarını söyləyib: "Təkcə biz yox, digər komandalar da 5-li müdafiəni yarmağın çətinliyindən danışır. Montieli meydanı hiss etmək üçün buraxdıq".
"Bugünkü oyunu "Çelsi" ilə matçın 100 faiz "11-liy"i saymaq olarmı sualına isə Qurbanov belə cavab verib: "Həyatda 100 faiz heç nə yoxdur. Rəqib dünya çempionudur, belə klubların Azərbaycana gəlməsi futbolun sevilməsinə xidmət edir, mənə də əlavə motivasiya verir".
Yerli oyunlarda azarkeş azlığına da toxunan baş məşqçi "Futbolun bəzəyi azarkeşlərdir. Onlar olmadan futbol da nə qədər gözəl oynasan, maraqlı görünmür. Futbolçular azarkeş görəndə sevinirlər. Bugünkü oyun kimi azarkeşsiz futbol keyfiyyətsiz görünür. Çox istərdik ki, azarkeşlər oyunlara gəlsinlər. Dolu stadion tam fərqli görünür" söyləyib.
Qurbanov Antonio Konte və Entso Mareskanın rəhbərlik etdiyi "Çelsi" arasında müqayisə aparıb. Onun fikrincə, hərəsinin öz üstünlükləri var: "Görünən odur ki, biz bir az inkişaf etmişiksə, onlar lap çox inkişaf ediblər".








 
                 




 
     
     
     
     
     
     
     
     
     
    























































