"İlk öncə, "xeyirli olsun" deyirəm".
Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Vensan Abubakarın "Neftçi"yə transferini şərh edərkən bildirib.
53 yaşlı mütəxəssisin sözlərinə görə, belə səviyyədə futbolçuları əldə etmək heç də hər zaman mümkün olmur: Samir Abasovun açıqlamasını gördüm. "Bu cür futbolçuları bir-iki ay əvvəl əldə etmək olmur" söyləyib. Yəni, onları birdən-birə əldə etmə situasiyası yaranıb və ondan da maksimum yaralanıblar. Hətta onu da deyir ki, iki ay əvvəl oyunçular indi anlaşdıqları qiymətə olmayıblar. Elə situasiyalar var ki, bəzən biz onunla ayaqlaşmalıyıq".
Qurbanov "Qarabağ"ın həmişə keyfiyyətli futbolçulara üstünlük verdiyini, qarşıdakı müddətdə şans yaranacağı təqdirdə, bundan yararlanacaqlarını diqqətə çatdırıb: "Həm büdcəmizə, həm də komandamıza uyğun addımlar atacağıq. Hər birimizin fərqli strategiyası var. Ümumiyyətlə, biz keyfiyyətli hücumçudan qaçmamışıq, sistemimizə uyğun olarsa, həmişə onu əldə etmək istəmişik. Bu ilin yayında və ötən il hücumçu üçün heç də az məbləğ təklif etməmişik. Demək olar ki, xeyli yüksək məbləğlər təklif etmişik. Sadəcə, alınmadı. Bəzən futbolçu gəlmək istəmir, bəzən klubu səninlə məbləğdə "oynayır". Əvvəlcə razılaşır, sonra daha artığını istəyir və nəticədə qeyri-ciddi söhbətlər olur".
"Qarabağ"ın baş məşqçisi Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi" ilə oyun zamanı komandasının Abubakardan çəkinməyəcəyini vurğulayıb: "Çəkinmək? Əksinə, maraqlı olacaq. Ümumiyyətlə, belə futbolçulara qarşı çıxış etmək mənim oyunçularım üçün əlavə motivasiya olacaq. Onlar daha ciddi, daha məsuliyyətli olacaqlar. Futbol azarkeşlər üçün oynanılır. Azarkeşlər çox sevir ki, stadionda ulduz futbolçular, onların ifasında qollar görsünlər, yaxşı, baxımlı futbol izləsinlər".
Qeyd edək ki, noyabrın 9-da "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 44 günlük Vətən Müharibəsindəki qələbənin 5-ci ildönümü ilə əlaqədar 18:44-də başlanacaq.







































































