"Ötən dəfə də dedim, biz mətbuat konfransını bir futbolçuya həsr etsək, komandamıza, digər futolçulara haqsızlıq etmiş olacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Kəpəz"ə 5:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur matçında Vensan Abubakara görə daha istəkli oynadıqları barədə fikirlərə münasibət bildirərkən söyləyib.
"Abubakarın komandada böyük rolu var, təcrübəli oyunçudur. Hər yerdə belədir: Komanda yoldaşları həmişə təcrübəli futbolçunun oyununa uymağa çalışırlar. Onun təcrübəsi də, səviyyəsi də bəllidir. Bu da o deməkdir ki, futbolçular bir-biriləri ilə nə qədər səviyyəli oynasalar, ortaya da nəyisə qoya bilərlər. Amma bu gün həddindən artıq istəkli olduğuna dair fikirlərlə razı deyiləm. Bütün oyunlarda istəkli, yaxşı idik. Bəzi matçlarda isə bundan da yaxşı idik", - deyə 47 yaşlı mütəxəssis vurğulayıb.
O, qələbəyə rəğmən, komandasının oyunundan narazılığını gizlətməyib: "Bəzi epizodlar var idi ki, öz driblinq və ötürmə vermə keyfiyyətlərimizə həddindən artıq aludə olmuşduq. Lakin tapşırıq bu deyildi, tam başqa idi. Oyundan əvvəl də bu barədə danışmışdıq. Qələbə elədir ki, çox şeyə göz yumursan. İmadi Faraj topla olduğu vaxt ətrafındakı oyunçular həmin situasiyaya həddindən artıq köklənirdilər. Bunlar narazı qaldığımız məqamlardır. Bunları təkmilləşdirmək, oyun üslubu kimi ortaya qoymaq istəyirik. Amma həmin bu məqamı daha yaxşı edə bilərdik, təəssüf ki, etmədik".
Abasov növbəti turda qarşılaşacaqları "Qarabağ"da heç bir boşluğun olmadığını vurğulayıb: "Onlar gündən-günə güclənən komandadır. Oyuna hələ var. Boşluqlar barədə oyunsonrası mətbuat konfransında danışarıq. "Qarabağ"a və Qurban Qurbanova "Çelsi" ilə qarşıdakı çətin oyunda uğurlar, qələbə arzulayırıq. "Qarabağ"ın avrokuboklardakı hər bir oyununda onların yanındayıq. Derbiyə gəldikdə, düşünürəm ki, maraqlı oyun olacaq. Bu gün yaxşı vəziyyətdə olan iki komanda bir-birinə qarşı mübarizə aparacaq. İnanıram ki, hər iki kollektiv derbiyə layiq oyun sərgiləyəcək. Lakin oyun günü, oyunda baş verən proseslər heç də oyundan öncə danışılanları əks etdirmir. Necə olacağını görəcəyik".





































































