Bu gün Azərbaycan Premyer Liqasında X turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk matçı xüsusilə əlamətdar olacaq.
"Turan Tovuz" komandası bu mövsüm ilk dəfə Tovuz şəhər stadionunda meydana çıxacaq. Süni örtüyü təbii otla dəyişdirilən meydança "Şamaxı" ilə qarşılaşmada istifadəyə veriləcək. Saat 16:00-da başlanacaq matçda Tovuz təmsilçisinin hazırkı və əvvəlki baş məşqçiləri - Kurban Berdıyev və Ayxan Abbasov üz-üzə gələcək. Komanda bunadək ev oyunlarını "Qarabağ"a məxsus "Azersun Arena"da keçirib.
9 oyundan sonra "Turan Tovuz" 18 xalla 3-cü, "Şamaxı" isə 10 xalla 9-cu yerdə gedir. Berdıyevin komandası bu gün qələbə qazanacağı təqdirdə, yenidən liderliyə yüksələcək.
Tərəflər indiyədək 8 dəfə üz-üzə gəlib. Bunların yarısında Tovuz təmsilçisi, cəmi 1-də rəqibi qələbə qazanıb, 3 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində Qərb təmsilçisini cüzi üstünlüyü var - 11:9. Digər tərəfdən, “Turan Tovuz” son 6 görüşdə "Şamaxı"ya uduzmayıb. Tovuz təmsilçisi bütün matçlarda qol vurub.
Günün son matçında "Sumqayıt" Mehdi Hüseynzadə adına şəhər stadionunda "Araz-Naxçıvan"ı qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi artıq 14 xalla 7-ci yerdə gedir və 4-cü pillədəki Naxçıvan komandasından 2 xal geridə qalır. Bu mövsüm qeyri-sabit oyun sərgiləyən baş məşqçi Saşa İliçin kollektivinə qələbə çox vacibdir.
İki komanda indiyədək 8 dəfə üz-üzə gəlib. Bunların 2-də "Sumqayıt", 3-də "Araz-Naxçıvan" qələbə qazanıb, daha 3 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Naxçıvan klubunun minimal üstünlüyü var - 6:5. “Araz-Naxçıvan” son 4 görüşdə qol buraxmayıb. “Sumqayıt”ın ev oyunlarında qol vuran olursa, həmin komanda qalib gəlir.
Azərbaycan Premyer Liqası, X tur
2 noyabr (bazar)
16:00. “Turan Tovuz” – “Şamaxı” - 2:1
Qollar: Olabe 45+1, Jo 49 - Apolinario 45(p)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan - 3:2
Qol: Roy Kehat 17,80, Ronaldo Vazkez 69 - Boli 41, Patrik Andrade 51
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, X turun əvvəlki oyunlarında "Qarabağ" evdə "İmişli"yə 2:0, "Neftçi" "Kəpəz"ə 5:1, "Zirə" səfərdə "Karvan-Yevlax"a 3:2 hesabı ilə qalib gəlib. Tura oktyabrın 3-də "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq.









































































