UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun ilk 9 görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, gecənin mərkəzi qarşılaşmalarından biri turnirin son qalibi Fransa PSJ-si ilə Almaniya "Bavariya"sı arasında olub.
Parisdəki "Park de Prens" stadionunda baş tutmuş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Qalib komandadan dubl edən Luis Dias ilk yarının sonunda qırmızı vərəqə alıb. Lakin PSJ say üstünlüyündən ikinci hissədə cəmi bir dəfə yararlana bilib.
Beləliklə, Çempionlar Liqasının son qalibi Liqa mərhələsində ilk məğlubiyyətlə üzləşib. "Bavariya" isə ardıcıl 4-cü qələbəsini qazanaraq, yoluna itkisiz davam edir. Hazırda komandanın aktivində 12 xal var.
Ardıcıl 4-cü qələbəsini qazanan daha bir komanda İngiltərə "Arsenal"ı olub. "Topçular" azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi matçda "Slaviya"nı Çexiyada darmadağın edib - 3:0. Ağayevin 32-ci dəqiqədə təyin etdiyi penaltini Bukayo Saka dəqiq yerinə yetirib. Mikel Merino isə 46-cı və 68-ci dəqiqələrdə fərqlənərək, dubl edib.
PSJ ilə yanaşı, İspaniya "Real Madrid"i də ilk məğlubiyyətlə üzləşib. "Kral klubu" İngiltərədə keçirdiyi görüşdə "Liverpul"a uduzub - 0:1. Yeganə qolu 61-ci dəqiqədə Aleksis Makallister vurub.
"Qarabağ"ın qarşıdakı turlarda qarşılaşacağı İtaliya "Napoli"si ilə Almaniya "Antraxt"ı arasındakı oyun gecənin qolsuz bitən yeganə matçı olub. Ən çox qolun vurulduğu iki qarşılaşmadan birində isə Azərbaycan təmsilçisinin II turda məğlub etdiyi Danimarka "Kopenhagen"i İngiltərədə "Tottenhem"ə böyük hesabla uduzub - 0:4. Meydan sahibləri ilk qolun müəllifi Brennan Consonun 55-ci dəqiqədə meydandan qovulmasınadək və qovulmasından sonra 2 dəfə fərqlənib. Üstəlik, 90-cı dəqiqədə Rişarlison Andrade "Tottenhem"in penaltisini dəqiq yerinə yetirə bilməyib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
4 noyabr
21:45. "Napoli" (İtaliya) - "Ayntraxt" (Almaniya) - 0:0
21:45. "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) - 0:3
Qollar: Bukayo Saka, 32 (pen.). Mikel Merino, 46; 68
00:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 1:2
Qollar: Joau Neveş, 74 - Luis Dias, 4; 32
Qırmızı vərəqə: Luis Dias, 45 ("Bavariya")
00:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 1:0
Qol: Aleksis Makallister, 61
00:00. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya) - 1:1
Qollar: Duşan Vlahoviç, 34 - Maksimiliano Arauxo, 12
00:00. "Tottenhem" (İngiltərə) - "Kopenhagen" (Danimarka) - 4:0
Qol: Brennan Conson, 19. Vilson Odober, 51. Mikki van de Ven, 64. Joau Palyinya, 67
Qırmızı vərəqə: Brennan Conson, 55 ("Tottenhem")
Qolla nəticələnməyən penalti: Rişarlison Andrade, 90
00:00. "Atletiko" (İspaniya) - "Yunion" (Belçika) - 3:1
Qollar: Xulian Alvares, 39. Konor Qallaxer, 72. Markos Lyorente, 90+6 - Ross Sayks, 80
00:00. "Olimpiakos" (Yunanıstan) - PSV (Niderland) - 1:1
Qol: Jelson Martinş, 17 - Rikardo Pepi, 90+3
00:00. "Budö Qlimt" (Norveç) - "Monako" (Fransa) - 0:1
Qol: Folarin Baloqan, 43
Qırmızı vərəqə: Yosteyn Qundersen, 81 ("Budö Qlimt")
Qeyd edək ki, IV turun daha 9 oyunu noyabrın 5-də keçiriləcək. "Qarabağ" İngiltərənin "Çelsi" komandasını qəbul edəcək.













































































