"Birinci hissədə yaxşı oyun göstərə bildik. Topu özümüzdə saxlayırdıq. Hərçənd, bu, qapıya zərbələrdə özünü büruzə vermirdi. Rəqibin aqressiv oyununa qarşı çıxış edə bilirdik. Onlar yaxşı müdafiə olunurdular".
Sportnet.az-ın məlumatına görə, bunu "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya səfərdə "Şamaxı"ya 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis ikinci hissədə "Şamaxı"nın daha yaxşı təsir bağışladığını etiraf edib: "Onlar meydanın bizə aid olan hissəsində topa daha çox yiyələnirdilər. Rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Qolu da belə vəziyyətdən vurdular".
Kaşkilya Rauf Cabarovun rəhbərlik etdiyi hakimlər briqadasından narazılığını bildirib: "Hakimlərdən narazılığım var. Təkrara baxdıq. Məncə, top Kərim Rossinin əlinə dəyib qapıya girdi. Qoldan sonra hesabı bərabərləşdirməyə çalışdıq. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Dəyişikliklərdən sonra açıq oyun getdi. Amma qol vura bilmədik. "Şamaxı"nı qələbə münasibətilə təbrik edirəm. Bu, futboldur. Bu gün uduzduq, amma yenə qələbələr qazanmağa çalışacağıq".








































































