Azərbaycan və Fransa millilərinin bu gün keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə oyunu üçün iştirak ərizələri açıqlanıb.
Sportnet.az xəbər verir ki, hər iki komandanın siyahısında 22 futbolçu yer alıb.
Rəqibin Bakıya bu qədər oyunçu ilə gələcəyi öncədən məlum idi. Yerli kollektivdə isə say məcburi şəkildə azaldılıb.
Baş məşqçi Ayxan Abbasov İslandiya və Fransa ilə oyunlar üçün çağırdığı 4 qapıçıdan, qaydalara uyğun olaraq, 3-nə yer verib. İslandiya ilə matçda cəzalı olduğu üçün oynamayan Şahrudin Məhəmmədəliyev artıq sıraya dönüb. Bu halda Rza Cəfərov kənarda qalmalı olub. Beləliklə, iştirak ərizəsinə Aydın Bayramov və Səlahət Ağayev düşüb.
Daha əvvəl Elvin Cəfərquliyevin xəstəlik, Toral Bayramovun zədə, Rüstəm Əhmədzadənin isə cəza səbəbindən millinin oyununu buraxacağı məlum olub.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq Azərbaycan - Fransa matçı saat 21:00-da başlanacaq.









































































