Qırğızıstanın "Muras Yunayted" komandasının baş məşqçisi Sergey Puçkov kobud danışığına görə istefaya göndərilib.
Sportnet.az-ın xəbərinə görə, bu barədə Qırğızıstan Futbol İttifaqının prezidenti Kamçıbek Taşiyev məlumat verib.
O, ukraynalı mütəxəssisin futbolçuları pis sözlərlə söydüyünü bildirib. Taşiyev bu davranışı yolverilməz adlandırıb: "Söyüş söymək çox pis haldır. Lakin Puçkov emosiyalarına hakim ola bilmir, oyunçuların ləyahətinə toxunur, stadionda yolverilməz ifadələr səsləndirirdi. Oyunlarda uşaqlar, qadınlar və ailələr olurlar. Bəzi məşqçilər isə hətta tribunalar tərəfə senzuradankənar sözlər işlədirlər. Klubları bu yöndə iş aparmağa çağırıram. Davranış normalarına əməl etməyən mütəxəssislər Qırğızıstanda işləməyəcəklər".
Qeyd edək ki, Sergey Puçkov futbolçu kimi 1997-ci ildə Azərbaycanda "Bakılı"nın formasını geyinib. Onun rəhbərliyi dövründə "Muras Yunayted" Qırğızıstan çempionatında ikinci yeri tutub, ölkə kubokunda finaladək irəliləyib və Asiya Futbol Konfederasiyasının Çağırış Kubokunda pley-off mərhələsinə yüksəlib.















































































