"3 oyunda mən və akademiyamızın məşqçiləri əlimizdən gələni etməyə çalışdıq ki, komanda bəlkə toparlanar, nəticələr yaxşı olar. Amma görünən odur ki, nəticələr yaxşı olmadı. Hamımız birlikdə azarkeşlərimizi üzdük. 3 oyunu bir-biri ilə müqayisə etsək, ən pisi bugünkü oldu. Birinci hissədə rəqibimizə müqavimət göstərməyə çalışdıq. İki hücumçu ilə çıxdıq ki, bəlkə rəqibə basqı, təzyiq edə bilərik. İkinci hissədə bəzi futbolçular zədə səbəbindən əvəzetmə istədilər, etdik. Oyuna təsir etməyə çalışdıq, amma bəhrəsini vermədi. Bu qədər".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis komandanın fiziki hazırlığının aşağı olmasının səbəbini detallı açıqlamaqda çətinlik çəkdiyini söyləyib: "Əlbəttə, komanda yay toplanışından bəri məşqlər edib. Amma fiziki hazırlığın aşağı olmasının səbəbini detallı izah etməkdə çətinlik çəkirəm. Bəlkə də Tovuz səfəri və Azərbaycann Kubokunun 1/8 final mərhələsində "Zirə"yə qarşı 120 dəqiqəlik oyunumuz bu gün gücümüzün tükənməsi ilə özünü büruzə verdi. Futbolçular həm psixoloji cəhətdən yoruldular, həm də gərgin olduqları hiss edilir".
Onun fikrincə, təkcə Alessio Kurçi deyil, bütün futbolçular gedib azarkeşlərə üzrxahlıq edə bilərdilər: "Amma düşünürəm ki, artıq onlar da nəticələrdən utanırlar. Güman edirəm ki, qarşıdakı günlər "Neftçi" üçün xeyirli olar. yeni baş məşqçi gələr və komandanı toparlayar. Biz "Neftçi"nin yalnız yaxşı olmasını arzulayırıq".
Qurbanov qapıçı Kenan Piriçin və dayaq yarımmüdafiəçisi Sessi D Almeydanın ardıcıl səhvlərə yol verdiyi halda əvəzlənməməsinə isə belə aydınlıq gətirib: "Bəlkə də siz kənardan daha yaxşı görürsünüz. Mən də oyunları izləyirdim. Birdən-birə qlobal dəyişikliyə gedə bilməzdim. Çünki hamısı zatən meydançada olanlardır. Elələri var idi ki, məsələn, Edvin Kuç kimi, uzun zədədən sonra oynamadılar. Kuç son 2-3 gündə məşqlərdə var idi, amma oyunlarımız sıx qrafiklə olduğuna görə məşq də keçə bilmirik. Daha çox bərpa və oyunqabağı hazırlıq prosesinə önəm veririk. Bunlar isə futbolçuları sadəcə, tonusda saxlamaq üçündür. Əlbəttə, gərək futbolçular məşqlərdə özlərini yaxşı tərəfdən göstərsinlər ki, meydançaya da çıxa bilsinlər. Sadəcə, oyunlarda gördüklərimi meydançaya buraxdım. Onları məşqlərdə o qədər də görə bilmədiyim üçün dəyişikliyə gedə bilmədim".













































































