"Bu gün müdafiədə buraxılan kobud səhvlər məğlubiyyətə səbəb oldu. Hansı ki, biz bunları etməməli idik".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev evdə "Sabah"a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.
Türkmənistanlı mütəxəssis Tovuz komandasının sükanı arxasındakı 50-ci matçında məğlubiyyət acısı yaşamasında öz səhvlərini etiraf edib: “Məşqçi heç vaxt səhv etmir” demək düzgün olmaz. Hər bir baş məşqçi səhv edə bilər. Birinci hissədə oyunçu düzülüşündə yanlışlıqlar və "Sabah"ın istifadə edə biləcəyi boşluqlar oldu. Eyni hal ikinci hissədə də yaşandı. Rəqib də bundan maksimum yararlandı. Detallara girməyəcəyəm".
Berdıyev "istefa" şüarlarına da münasibət bildirib: "Bütün klublarda belə məsələləri klub prezidenti həll edəcək. Bu gün azarkeşlərə ağrı və acı yaşatdıq. Biz bunu hiss edirik və paltardəyişmə otağında da bu barədə danışdıq. Azarkeşlərimiz önündə uduzmaq ağrılı və utancvericidir".
Baş məşqçi Tovuz şəhər stadionunun ot örtüyündən narazılıq bildirən rəqib həmkarı Valdas Dambrauskasın fikirləri ilə razılaşdığını, amma bunu özləri üçün bəhanə saymadığını dilə gətirib: "Məni düzgün başa düşün, belə meydançalarda oynamaq olmaz. Bugünkü oyun isə "Turan Tovuz" səviyyəsində deyildi".








































































