Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembele Beynəlxalq Futbol Federasiyası (FIFA) tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Sportnet.az xəbər verir ki, 28 yaşlı futbolçu ötən mövsümü “Pari Sen-Jermen”in heyətində son dərəcə uğurlu keçirib.
Dembele Fransa çempionu olmaqla yanaşı, ölkə kubokunu və Superkuboku qazanıb, həmçinin UEFA Çempionlar Liqasının qalibi olub. Paris təmsilçisi ilə birlikdə o, klublararası dünya çempionatının da finalına yüksəlib.
Fərdi göstəriciləri ilə də seçilən Dembele 2025-ci ildə “Qızıl top” mükafatına sahib çıxıb.
Qeyd edək ki, ötən mövsüm Usman Dembele bütün turnirlərdə 53 oyunda iştirak edib, 35 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.






































































