"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 73 yaşlı mütəxəssis öncə oyunu dəyərləndirib:
- İlin sonuncu oyunu idi. Uşaqlar məsuliyyəti dərk edirdilər. Zədə səbəbindən həyətdə itkilər var idi. Buna görə də bəzi futbolçular öz mövqelərində oynamırdılar. Vacib qələbəyə görə onlara təşəkkürümü bildirdim.
- Ötən matçdan sonra azarkeşlər sizin ünvanınıza "istefa" şüarları səsləndirdilər. Bu gün həmin təzyiqi hiss edirdiniz?
- Xeyr. Mən kifayət qədər təcrübəli baş məşqçiyəm. Belə şeylərə ümumiyyətlə fikir vermirəm.
- Köməkçiniz Yunis Hüseynov "Turan Tovuz" adından milli komandanın baş məşqçisi Ayxan Abbasov barədə müntəzəm olaraq, sərt açıqlamalar verir. Onun açıqlamalarından xəbəriniz varmı?
- Mən heç nə oxumuram.
- Ümumiyyətlə, Azərbaycan mətbuatında yazılanlar sizin üçün maraqlıdır, yoxsa heç izləmirsiniz?
- Rusiyada olanda belə, heç nə oxumurdum. O ki qaldı burada. Heç vaxt heç yerdə oxumuram. Mənim öz işim var, onu yaxşı səviyyədə görməyə çalışıram. Buna görə də qalan məsələlər mənlik deyil.














































































