"Sumqayıt"ın məşqçisi Veliçko Kaplanoviç evdə "Sabah"a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, serbiyalı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- "Sabah"ı qələbə münasibətilə təbrik etmək istəyirəm. Yaxşı oynadılar, qələbəyə layiq idilər. Bütün səhvlərimizin cəzasını çəkdik. İkinci hissədə daha yaxşı oynamağa çalışdıq. Ancaq belə oyunlarda bütün 90 dəqiqəni yaxşı oynamaq lazımdır.
- Futbolçularınızın yol verdikləri səhvlər “Sabah”ın “Qarabağ”ı məğlub etməsinə görə çəkingənliklərindən irəli gəlmirdi?
- "Qarabağ"ın uduzması futbolçulara heç bir təsir etməmişdi. Qapımızda qolları buraxdığımız səhvlərdən gördük. 2-ci və 3-cü qolu çox sadə buraxdıq. Bu səhvlərdən qolları gərək buraxmazdıq.
- Aleksa Yankoviçin durumu barədə nə deyə bilərsiniz? Gah ehtiyatda olur, gah əsas heyətdə meydançaya çıxır...
- Bu cür olması Yankoviçin hələ tam formaya düşə bilməməyinə görədir. Çalışırıq ki, daha yaxşı olsun.
- Qış transfer pəncərəsində hücumçu almaq planınızda varmı?
- Hücumçuya ehtiyacımız var. Rəhbərliyə bu barədə düşüncələrimizi çatdırmışıq. Amma qısa zamanda yaxşı hücumçu tapmaq çətin məsələdir.








































































