Ukrayna Futbol Assosiasiyasının (UAF) sabiq prezidenti Andrey Pavelko axtarışa verilib.
Sportnet.az Ukrayna Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Pavelkonun itkin düşmə tarixi 5 noyabr 2025-ci il kimi göstərilib.
O, ibtidai istintaq orqanlarından gizlənən şəxslər kateqoriyasına daxil edilib.
Oktyabrda sabiq funksioner vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə əmlakı mənimsəmə, israf etmə və xidməti saxtakarlıqda şübhələrin olduğu barədə məlumatlandırılıb.
İstintaqın versiyasına əsasən, Pavelko UEFA tərəfindən UAF-a ayrılan vəsaitləri qanunsuz şəkildə mənimsəyib. Hüquq-mühafizə orqanları bu əməli xidməti saxtakarlıq kimi qiymətləndirib. UEFA-dan daxil olan pullar özəl şirkətin hesabına köçürülüb və sonradan naməlum istiqamətdə yoxa çıxıb. Dəymiş zərərin ümumi məbləği 9,32 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Andrey Pavelko 2023–2024-cü illərdə süni örtüklü meydançaların istehsalı zavodunun tikintisi zamanı vəsaitlərin mənimsənilməsi işi üzrə aparılan istintaq çərçivəsində 259 gün həbsdə saxlanılıb.
Daha sonra sabiq UAF prezidenti Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edib və Ukrayna dövlətindən kompensasiya alıb.






































































