2025-ci il "Qarabağ" üçün xeyli əlamətdar olub.
Sportnet.az ilin 11 ən əlamətdar məqamını klubun rəsmi saytına istinadən təqdim edir:
“Qarabağ”dan “Flamenqo”ya
Komandadan növbəti səs-küylü gediş gerçəkləşdirib. Parlaq oyunu və qolları ilə azarkeşlərimizə sevinc bəxş edən Olavio Juninyo Braziliya “Flamenqo”suna transfer olunub. Avropanın bir sıra klublarının, o cümlədən, İspaniya “Sevilya”sının heyətinə qatmaq istədiyi 28 yaşlı hücumçu vətəninə qayıtmağa üstünlük verib. 2023-cü ilin yayından Azərbaycan komandasının formasını geyinmiş "sambaçı" bu müddətdə 81 oyunda 42 qol vurub. O, "Qarabağ"ın heyətində ölkə çempionu olub, çempionatın bombardiri və ölkə kubokunun qalibi adına yiyələnib.
Ardıcıl 5-ci, tarixdə 12-ci çempionluq
Komanda 2024/2025 mövsümündə Azərbaycan çempionu olub. Bu, Premyer Liqanın XXXII turunda rəsmiləşib. “Sabah”ın qonağı olan “Qarabağ” səfər matçından sonra mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib. Bu, ardıcıl 4-cü, klub tarixində 12-ci çempionluq olub. Komanda bunadək 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023, 2023/2024 mövsümlərində də çempion olub. Bu, baş məşqçi Qurban Qurbanovla əldə edilən 11-ci qızıl medaldır.
2024/2025 mövsümünü çempion kimi tamamlayan komanda kubokda da finala qədər irəliləyib. Ardıcıl ikinci dəfə həlledici matça vəsiqə qazanan “Qarabağ” tarixində 12-ci dəfə final həyəcanı yaşayıb. Bununla da Ağdam təmsilçisi turnirin tarixində mütləq rekorda imza atıb. “Qarabağ” Azərbaycan Kubokunun finalında ən çox oynayan komanda adına sahib çıxıb.
Komandanın futbolçusu Leandro Andrade Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün bombardiri olub. Portuqaliyalı yarımmüdafiəçi mövsümdə 15 qol vurub. O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb. Ardıcıl 4-cü, tarixdə 10-cu dəfə bu ada "Qarabağ"ın futbolçusu layiq görülüb.
Azərbaycan futbolu tarixində Çempionlar Liqasının əsas mərhələsinə yüksələn yeganə klub - "Qarabağ" 2017/2018 mövsümündə əldə etdiyi nailiyyəti təkrarlayıb. 8 il əvvəl qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmış ağdamlılar bu dəfə liqa formatlı yarışda iştirak hüququ əldə edib. Pley-offda Macarıstan təmsilçisi “Ferensvaroş”u mübarizədən kənarlaşdıran komanda bununla da qitənin ən güclüləri ilə daha 8 matç keçirmək imkanı qazanıb.
Prezidentin daimi diqqət və qayğısı
Prezident İlham Əliyev 2025-ci ildə də "Qarabağ"a dəstəyini nümayiş etdirib. Komanda pley-offda Macarıstan “Ferensvaroş”unu üstələyərək (3:1, 2:3), Liqa mərhələsinə çıxdıqdan sonra dövlət başçısı “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar kluba Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Prezident İlham Əliyev həm “Ferensvroş”la cavab oyunu, həm də Liqa mərhələsinin Portuqaliya “Benfika”sı (3:2) və Danimarka “Kopenhagen”i (2:0) üzərində qazanılan qələbələrindən sonra təbrik paylaşımı edib.
Azərbaycan futbolunda ilk
"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb. Klub buna Liqa mərhələsinin I turunda imza atıb. Portuqaliyada “Benfika” ilə görüşən ağdamlılar 2 qol buraxaraq məğlub duruma düşsə də, Lissabondan əzmkar qələbə ilə dönüb – 3:2. Bu, ölkə futbolu tarixinə Çempionlar Liqasının əsas raundundakı ilk qələbə kimi düşüb.
İki oyun, iki ilk: Bikalyo və Cəfərquliyev tarixə düşdü
Çempionlar Liqası tarixində ilk dəfə Azərbaycan klubunun futbolçusu oyunun ən yaxşısı seçilib. Komandanın yarımmüdafiəçisi Pedro Bikalyo Liqa mərhələsinin “Benfika” ilə səfər matçında bu mükafata sahib çıxıb. Növbəti turda da ilk yaşanıb. Elvin Cəfərquliyev bu ada layiq görülən ilk azərbaycanlı futbolçu olub. O, “Kopenhagen”lə ev oyununda fərqlənib.
"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində ardıcıl iki ev oyununda xal qazanıb. “Kopenhagen” üzərində qələbənin ardınca rəqib klublararası dünya çempionatının yeni qalibi İngiltərə təmsilçisi “Çelsi” olub. Rəqiblə başabaş mübarizə aparan “Qarabağ” dünya çempionu ilə sülhə imza atıb. Bu, həm də futbolun yaradıcısı olan İngiltərə təmsilçilərindən alınan ilk xal olub.
"Qarabağ" il ərzində qazandığı nailiyyətlərə görə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qala mərasimdə də mükafatlandırılıb. Klubun 2024/2025 mövsümündə Azərbaycan çempionu adını 12-ci dəfə qazanması, ardıcıl 12-ci dəfə avrokubokların əsas mərhələsinə yüksəlməsi, Çempionlar Liqasında ikinci dəfə ən güclüləri sırasında yer alması iki mükafatın təqdim olunmasına əsas verib. Bunların nəticəsində "Qarabağ" İlin ən yaxşı kişi komandası seçilib. Komandanın baş məşqçisi Qurban Qurbanov İlin ən yaxşı kişi məşqçisi adını qazanıb.
"Qarabağ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) dünya reytinqində Azərbaycanın ən yaxşı təmsilçisidir. 2025-ci ilin yanvarında 81-ci olan “Qarabağ” dekabrdakı cədvəldə planetin 68-ci komandasıdır. “Top-100”də möhkəmlənən Ağdam klubu noyabrda 65-ci sırada yer alıb. Bu göstərici Avropa və dünyanın bir sıra tanınmış klublarını arxada qoymaq üçün yetərli olub.