Ukraynanın "TaToTake" yutub kanalında "Neftçi"nin baş məşqçisi Yuri Vernidubun müqaviləsinə Rusiya əleyhinə xüsusi bənd saldırmasına dair səsləndirilmiş fikirlər Rusiya mətbuatında kontekstdən çıxarılıb.
Bu, Sportnet.az-ın araşdırması nəticəsində üzə çıxıb.
Verilişin ekspertlərindən olan jurnalist Mixaylo Spivakovski "Neftçi"nin Vernidubu baş məşqçi postuna təyin etdikdən sonra Rusiya "Lokomotiv"i ilə əməkdaşlıq müqaviləsi imzalamasını tənqid edib.
Spivakovskinin verilişdə səsləndirdiyi fikirləri təqdim edirik:
- Mənə elə gəlir ki, Vernidub məsələsində artıq müəyyən yanlış, ucuz manipulyasiyalar başlayıb. Təkcə o fakt kifayətdir ki, bu insan müharibədə olub, ərazi müdafiəsində yox. Xaricdəki kifayət qədər rahat həyatını, avrokuboklarda oynayan klubda baş məşqçi vəzifəsini qoyub, hərbi reallığa keçib. Üstəlik, siz bunu futbol dünyasında çox yaxşı bilirsiniz, ən azı bir dəfə kontuziya alıb. Burada isə məsələ kifayət qədər aydındır.
Burada mənə elə gəlir ki, ya azərbaycanlı həmkarlarımızdan, ya da Vernıdubun öz ətrafından Bakıda əslində nə baş verdiyi ilə bağlı hansısa məlumatı öyrənmək elə də çətin deyil. Yəni, insan “Neftçi”yə gəlir - özünü tam apolitik (siyasətə qarışmayan - red.) klub kimi təqdim edən “Neftçi”yə. Amma biz başa düşürük ki, Azərbaycan üçün apolitik klub bizim üçün neytral ola bilməz. Bu o deməkdir ki, klub təcavüzkarla qurbanı ayırmır. Halbuki “Neftçi”nin müəyyən bir keçmiş izi, şleyfi var.
Bu barədə hələ bir il əvvəl, ora Roman Qriqorçuk gələndə də danışılırdı. Bütün bu “dostluq” oyunları, bataqlıq klubları ilə matçlar – bunların hamısı olub. Vernıdub isə zəif düşüncəli adam deyil. O, hara getdiyini anlayırdı. O, bu kluba gəlir və mənim bildiyimə görə, müqaviləsində açıq şəkildə yazdırır ki, baş məşqçinin səlahiyyətində olan, onun nəzarət etdiyi hər şey mümkün qədər “bataqlıq biokütləsi” ilə istənilən təmasdan yayındırılsın.
Bu, nə deməkdir? Oradan (Rusiyadan - red.) heç bir transfer mümkün deyil. Klubun heyətinə oradan heç kimin cəlb edilməsi mümkün deyil. Məşq prosesinin planlanması, mikro və makrotsikllər, hansı komandalarla yoldaşlıq oyunlarının keçiriləcəyi – bunların hamısı əsas komandanın baş məşqçisinin səlahiyyətindədir.
Sonra isə məlum olur ki, “Neftçi”nin akademiyası – hətta gənclər komandası yox, daha aşağı yaş qrupu – ilə Moskva "Lokomotiv"inin akademiyası arasında hansısa bir razılaşma, birgə tədbirlər, əməkdaşlıq olub. Bildiyimə görə, Vernıdubla orada işləyən insanların dediklərinə əsasən, bu onun üçün tam şok olub. Onlar “Neftçi”nin heyətində ilk oyunlardan birini keçirirlər və o, matçdan sonra bu məsələni öyrənir.
Mən bilmirəm, o, rəhbərliklə necə danışıb, amma sual budur: o, buna necə təsir göstərə bilərdi? Heç cür. Nəyi onun günahı kimi göstərmək olar? Şərh verməməsini. Bunu da anlamaq olar: insan yeni çempionata gəlir, tanımadığı mühit, ard-arda oyunlar, klubda çətin vəziyyət. Bəli, o, vaxtında reaksiya vermədi, operativ açıqlamalar olmadı. Amma indi də şərh versə, bilirsiniz axı necə olur: “niyə ilk iki həftə susurdun?”
Amma bir insana “sən guya ölkəmiz üçün döyüşmüsən, indi isə klubunun onlarla əməkdaşlıq etməsinə yol vermisən” demək mənə görə ən azı keyfiyyətsiz jurnalistikadır, maksimum isə sırf hayp naminə nifrət yaymaqdır. Amma bu, dəqiq deyil, bu, mənim şəxsi mövqeyimdir.
Hesab edirəm ki, burada əsas iradlar kommunikasiya çatışmazlığı ilə bağlıdır. Bəlkə də bu mövzuya belə deyil – o, normal şəkildə izah etmədi ki, məşqçi heyəti necə çıxıb, kim icazə verib. Nazirlik Sərhəd Xidmətinə müraciət edib, onun və köməkçilərinin müqavilələrinin bitmə tarixləri ilə bağlı hansısa rəsmi sənədlər var.
Hazırda o, fəaliyyətdə olan hərbi qulluqçudur, yoxsa yox? Mən bilmirəm, həqiqətən bilmirəm. Bu çox maraqlı sualdır. O çıxıb bütün bunları normal şəkildə izah etməli idi. Açıq və aydın.
Çünki o, həqiqətən də fəaliyyət göstərən hərbi qulluqçudursa, bu artıq çox pis qoxu verir. Hərbi qulluqçu ümumiyyətlə başqa yerdə işləyə bilməz. Amma yenə də xatırlayaq – axı onun “Kryvbas”da işlədiyi dövr də var idi. Həmişəki kimi “könüllülük” əsasları, klassik variant.
Əsas problem yenə də normal, izahlı kommunikasiya çatışmazlığıdır. Kim icazə verib? Mən elə bunu soruşuram: kim icazə verib?















































































