Azərbaycan futbolunda maraqlı bir mənzərə yaranıb. Milli komandalar toplanışlara hazırlaşır, yoxlama oyunları planlaşdırılır, futbolçular dəvət alır. Ancaq görünən odur ki, AFFA hələ də bu proseslərdən tam xəbərdar deyil — ən azı informasiya axını baxımından.
“Şamaxı” klubu yanvarın 3-də açıqladı ki, U-21 millisinin yanvarın 11-dən 17-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına komandadan beş futbolçu — Səlim Həşimov, Nihat Mehralıyev, Davud Mənsumov, Emil Süleymanov və Bilal İsmayılov dəvət alıb. Normalda bu tip xəbərlərin AFFA-nın rəsmi resurslarında da operativ şəkildə paylaşılması gözlənilirdi.
Lakin AFFA-nın rəsmi saytında həmin günlərdə verilən əsas reaksiya dəyişməz qaldı: “Bayramlarınız mübarək!”
Yanvarın 6-da “Şamaxı” klubu qış təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyunu keçirəcəyini elan etdi. Yanvarın 11-də “Sabah”la, yanvarın 17-də isə U-21 millisi ilə qarşılaşmalar planlaşdırıldı. Tarix var, yer var, saat var — hər şey dəqiqdir.
AFFA-nın rəsmi saytında isə bu xəbərlərin fonunda yenə də fərqli mövzu ön plana çıxarıldı: “Bayramlarınız mübarək!”
Düzdür, AFFA, nəhayət, “Məktəbli Kuboku” ilə bağlı məlumat yayıb. Bu layihənin əhəmiyyəti danılmazdır. Amma milli komandanın toplanışı daha vacib və prioritet xəbər deyilmi?
Bu məqamda istər-istəməz sual yaranır: bəlkə AFFA Köhnə Yeni İli də bayram etməyə hazırlaşır?!
Milli komanda toplanışa, oynamağa hazırlaşır… AFFA isə hələ də təbrik rejimindən çıxmayıb. Elə bil futbol mövsümü davam edir, amma informasiya təqvimi dekabrın sonunda ilişib qalıb.
Bu gedişlə, Azərbaycan millisinin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov təkcə öz klubu yox, milli komandalarla bağlı informasiyanı da özü idarə etməli olacaq. Bəlkə də növbəti addım milli komandalara ayrıca mətbuat katibi təyin etmək olar.















































































