"Öz səhvlərimiz ucbatından qapımızda qollar gördük".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko səfərdə "Sabah" komandasına 1:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis yaxşı komanda ilə qarşılaşdıqlarını bildirib: "Rəqib müdafiədə və hücumda yaxşı təşkilatlanmış kollektivdir. İlk dəqiqələrdən onlara təzyiq göstərməyə çalışdıq. Pressinq komanda işidir. Bütün bunlara görə, ilk dəqiqələrdə üç qol buraxdıq. Halbuki hücuma çıxmağı planlaşdırırdıq. Ardıcıl qollardan sonra futbolçuların əhval-ruhiyyəsi də aşağı düşdü. Hücum futbolu oynamaq üçün müəyyən istək olmalıdır. "Neftçi" ilə oyunda da eyni hadisə oldu. Bu gün futbolçularda narahatlıq göründü. Futbolda bunlar yaxşı göstərici deyil. Bunlar futbolçulara qərar verməyə mane olur. Biz hazırda komandanın müdafiədən hücuma uğurlu çıxması üzərində çalışırıq. Vaxt lazımdır, işləyirik".
Demçenko komandasının yeganə qolunun müəllifi Felipe Santosu yenə ikinci hissədə meydançaya buraxmasının səbəbini belə izah edib: "Bəli, bu, yaxşı nəticədir. Amma komanda oyunu tək hücumdan yox, həm də müdafiədən asılıdır. 10 futbolçunun hər biri hücumda da, müdafiədə də oynamalıdır. Heç kimi bir-birindən ayırmaq istəmirəm. Bu gün bütün komanda olaraq uduzduq. Kimisə ayırmaq doğru olmazdı".















































































