"Azarkeşlərimizə təşəkkür edirəm. Belə çətin hava şəraitində komandanın yanında oldular. Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Birinci hissənin əvvəlində "Şamaxı" bizdən daha aqressiv idi. İkinci hissədə oyunu ələ ala bildik. Futbolçular belə meydançada topa nəzarət etməyi bacardılar. Bunun sayəsində son saniyələrdə qələbə qolu vuruldu. Qarşıdakı oyunlara hazırlaşacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra 54 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- "İmişli" ilə matçda da əsas heyəti oynadacaqsınız?
- Hansısa dəyişikliklər ola bilər. Bu heyət əvvəlki matçda oynamamışdı. Bir az istirahətə ehtiyacları var idi. Yəqin ki, müəyyən rotasiyalar edəcəyik. Bəzi futbolçulardan narazılığım var. İstədiyim performansı göstərə bilmirlər. Belə şəraitdə keyfiyyət göstərmək elə də asan deyil. Amma elə elementlər var ki, onları vaxtında etmək lazımdır.
- Nəriman Axundzadənin gedişi ilə bağlı nə deyə bilərsiniz?
- Nərimanla bağlı ciddi danışıqlar gedir, sona doğru yaxınlaşsa da, hələ konkret qərar verilməyib. Bu gün də oyundan sonra bir futbolçu mənə yaxınlaşıb dedi ki, yaxşı təklif var. Soruşur ki, getməyimə və ya qalmağıma nə qərar verəcəksiniz? Özünüz təsəvvür edin. İnanın ki, hazırda bunları ələ almaq, əldə saxlamaq heç də asan deyil. Sakitləşməyə çalışanda başqa xəbərlər gəlir. Futbolçuları da başa düşmək lazımdır, bunlara xoşagəlməz xəbərlər deməzdim. Sadəcə, təkliflər elə yerlərdən gəlir ki, ora yalnız pula görə getmək olar. Elə pul təklif edirlər ki, futbolçular "yox" deyə bilmirlər. Belə problemlərimiz var, amma yenə də çalışırıq ki, futbolçularımızı ələ alaq və oyunlara yaxşı motivasiya ilə hazırlaşaq.
- "İmişli" ilə oyunun keçiriləcəyi Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyü yaxşı vəziyyətdə deyil. Matçın yerinin dəyişdirilməsi üçün müraciət edəcəksiniz?
- Daha razılaşmazlar. Sağ olsunlar ki, ilk oyunda təklifimizi qəbul etdilər. Bakıda oynasaq, söz-söhbət böyüyəcək. Qubaya gedəcəyik.
- Çin klubundan təklif alan Bəhlul Mustafazadə necə oldu ki, "Qarabağ"da qaldı?
- Bir neçə detal oldu. Bəhlulla danışmışdım, razılaşmışdıq. Onun tərəfində idim. Bəzi detallar var. Çox da dərinə getməyək.
- Nəriman Axundzadənin gedişi sizin üçün çətinlik yaratmayacaq?
- Belə bir oyunçunun komandadan getməsi, əlbəttə, bizim üçün ürəkaçan deyil. Amma son zamanlar məlum məsələlərə görə getməsi lazım idi. Çünki adam özündə deyildi. Hər gün fərqli fikirdə olurdu. Yəqin ki, ya nə isə oxuyub gəlirdi, ya da hər gün qarşısına nə isə çıxırdı. Amma yenə deyirəm, Nəriman son 2-3 ildə komandamızın ən məhsuldar oyunçularından biri idi. Özünü ələ ala bilmədi. Görək, alınsa, tam razılaşdırılsa, getməyinə ehtiyac var. Özü də toparlansın, öz oyununu yenidən tapsın. Ona görə də belə addım atdıq. Baxmayaraq ki, mənə belə oyunlarda, bu cür sıx qrafikdə lazım idi, bu cür futbolçulara ehtiyacım var. Transfer pəncərəsinin son günüdür, edəcək bir şey yoxdur. Təki alınsın, özü üçün yaxşı olsun. Çünki son 2 ildə böyümək üçün çox əziyyət çəkib. Yaxşı oyunları oldu, komandaya faydası çox oldu. İnanıram ki, daha yaxşı Nəriman görə biləcəyik.
- Coni Montiel "Şamaxı"ya qarşı həm kubok, həm də çempionat matçlarında çox aqressiv görünürdü. Baxmayaraq ki, bir qol və bir məhsuldar ötürmə ilə bu gün qələbədə böyük pay sahibi oldu. Onunla fərdi söhbət aparırsınız?
- Deməzdim ki, elə də konfliktə getdi. Sadəcə, oyun epizodları idi. Topla oynamağı sevən futbolçu olduğundan, əksinə, istər-istəməz ona qarşı həddən artıq aqressiv çıxış edirlər. Buna görə də Montiel bir-iki helə haldan sonra əsəblərinə hakim ola bilmir, referiyə etiraz edir. Orada elə xırda detallar olur ki, biz yaxından görə, duya bilmirik. Ona nə isə söz deyə, ayağını tapdalaya bilərlər. Ona elə bir formada aqressiv yanaşırlar ki, insandır, narazılığını bildirir. Amma məncə, çox da qabarıq şəkildə bildirmir. Nə oyunçulara, nə də referiyə. Belə matçlarda aqressivlik lazımdır ki, daha da özünü oyunda tuta biləsən.












































































