“Zirə”nin futbolçusu Martins Junior Azərbaycan Premyer Liqasının 19-cu turunda “Sumqayıt” üzərində qazanılan qələbədən sonra Sportnet.az-a müsahibə verib. Braziliyalı yarımmüdafiəçi matçın əhəmiyyəti, 3-cü yer uğrunda mübarizə və qarşıdakı oyunlar barədə danışıb.
– Bu oyun sizin üçün nə qədər vacib idi?
– Çox vacib görüş idi və qalib gəlmək mütləq lazım idi. İndi isə öz meydanımızda oyunumuz var və növbəti matçda da “Karvan-Yevlax” üzərində qələbə qazanmağa çalışacağıq.
– “Sumqayıt”ı 3-cü yer uğrunda mübarizədə əsas rəqib sayırsınızmı?
– Diqqətimiz növbəti oyunda olacaq, lakin “Sumqayıt”dan əlavə “Turan-Tovuz” da bizim rəqibimizdir. Biz Avropa liqasına vəsiqə qazanmaq istəyirik.
– Azərbaycan Kubokunda da “Sumqayıt” ilə oynayacaqsınız. Bu günkü qələbə kubok oyununda sizə motivasiya verirmi?
– İstər kubok, istərsə də liqa oyunu olsun, biz hər ikisində daha yaxşı nəticə qazanmaq istəyirik. Hər iki turnir bizim üçün önəmlidir və diqqətimizi həm kuboka, həm də liqaya yönəltmişik.















































































