"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkənin ali futbol qurumu olaraq, futbolun kütləviliyinin artırılmasını, dünyada bir nömrəli idman növünün daha geniş auditoriyaya çatdırılmasını və yayım keyfiyyətinin yüksəldilməsini hər zaman prioritet vəzifə hesab edib. Bu mənada əsas diqqət mərkəzində daim ölkə çempionatı dayanıb".
Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA, CBC Sport və İdman TV-nin yaydıqları birgə bəyanatda bildirilir.
Rəsmi açıqlamada qeyd olunur ki, Azərbaycan Premyer Liqasının yayım coğrafiyasını genişləndirmək məqsədilə AFFA turnirin eksklüziv yayımçısı CBC Sport və ölkənin ilk idman telekanalı olan İdman TVmrəhbərliyi ilə müzakirələr aparıb. Danışıqların nəticəsi olaraq qərara alınıb ki, bu mövsümdən etibarən Azərbaycan Premyer Liqasının hər turundan bir qarşılaşma “CBC Sport”la paralel olaraq “İdman TV” vasitəsilə də canlı yayımlansın.
Yeni əməkdaşlıq çərçivəsində ilk yayımın XXII turda keçiriləcək “Qarabağ” – “Sabah” matçı olması nəzərdə tutulur. Danışıqların uğurla yekunlaşmasını və hər iki telekanalın məsələyə göstərdiyi həssas yanaşmanı yüksək qiymətləndirən AFFA rəhbərliyi həmkar tərəfdaşlarına təşəkkür edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.
Yayımın təşkili və ümumi prosesin tənzimlənməsi ilə bağlı texniki detallar telekanallar tərəfindən qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək.