İngiltərə "Nyukasl"ının futbolçusu Den Bern Premyer Liqanın XXVII turunda “Mançester Siti”yə 1:2 hesablı məğlubiyyətdən sonra qarşıdakı oyunlar barədə danışarkən Azərbaycan səfərinə də toxunub.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi komandanın sıx qrafikdən keçdiyini bildirib.
“Uzun bir səfər həftəmiz oldu. Düşünürəm ki, oyuna baxan heç kim deyə bilməzdi ki, “Siti”nin hazırlıq üçün bir həftəsi olub, biz isə təxminən 10 min mil yol qət etmişik. Uşaqlarla fəxr edirəm”, - deyə ingiltərəli stopper vurğulayıb.
Bern növbəti matçın fevralın 24-də keçiriləcəyini və rəqibin Azərbaycan çempionu "Qarabağ" olacağını xatırladıb: “Çərşənbə axşamı "Qarabağ"la oyunumuz var, sonra isə evdə “Everton”la qarşılaşacağıq. Müsbət haldır ki, qarşıda iki ev oyunu var və ümid edirəm ki, yaxşı çıxış edə biləcəyik”.
O, komandanın ev oyunlarını xüsusi sevdiyini də vurğulayıb: “Biz doğma meydanda oynamağı çox sevirik. Əlbəttə, son ev matçında "Brentford"a 2:3 hesabı ilə uduzmuşuq və bunu düzəltmək istəyirik. Bir neçə həftə səfərlərə çıxmamaq, otellərdə qalmamaq və yenidən evdə oynamaq əla olacaq”.
Qeyd edək ki, "Sent Ceyms Park"da təşkil olunacaq "Nyukasl" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.


















































































