"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi İngiltərədə "Nyukasl"ın qonağı olub.
"Sent Ceyms Park"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 5-li müdafiə sisteminə önəm verərək, Bədavi Hüseynovu da start heyətində meydançaya buraxıb. Sağ cinahda isə Leandro Andradeni Dani Bolt əvəzləyib.
Görüş "Nyukasl"ın ardıcıl iki qolu ilə başlayıb. Sandro Tonali 4-cü, Joelinton 6-cı dəqiqədə fərqlənib.
Fasilədən sonra "Qarabağ" təşəbbüsə yiyələnib. 51-ci dəqiqədə Kamilo Duran fərqi azaldaraq, bu mövsüm "Qarabağ"ın Çempionlar Liqasında 5-ci qolunu vurub. Meydan sahibləri cəmi 1 dəqiqə sonra Sven Botmanla yenidən fərqi artırıblar.
57-ci dəqiqədə "Qarabağ" penalti qazanıb. Marko Yankoviçin zərbəsini rəqib qapıçı qaytarsa da, topa yetişən Elvin Cəfərquliyev fərqi yenidən azaldıb və ilk matçdakı kimi, "Nyukasl"ı məyus edib.
68-ci dəqiqədə isə "Qarabağ" ciddi itki ilə üzləşib. Duran hücumda olduğu vaxt ayağını tutaraq, yerə yıxılıb. Oyuna davam edə bilməyən kolumbiyalı forvardı Aleksey Kaşuk əvəzləyib.
Qalan dəqiqələrdə Azərbaycan komandası hücumlar etsə də, nəticə dəyişməyib.
Beləliklə, ilk görüşdə də 6:1 hesabı ilə uduzan "Qarabağ" iki oyunun nəticəsində mübarizəni dayandırıb. "Nyukasl" 1/8 finalda İspaniyanın "Barselona" və ya İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələcək.
-----------------------------
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Nyukasl” İngiltərədə “Qarabağ”ı qəbul edəcək.
Sportnet.az-ın məlumatına görə, "sağsağanlar" ilk görüşdə Bakıda 6:1 hesablı qələbə qazanaraq mərhələ adlamaq yolunda böyük üstünlük əldə edib.
Həmin matçda Entoni Qordon 4 qol vurub və görüşün qəhrəmanı olub. O, Çempionlar Liqası tarixinə bir oyunda poker edən 18-ci futbolçu kimi düşüb. Digər qolları Malik Tşau və Ceykob Mörfi vurub. “Qarabağ”ın yeganə qoluna Elvin Cəfərquliyev imza atıb.
Bu, komandalar arasında ilk rəsmi qarşılaşma olub və “Nyukasl”ın Azərbaycan klublarına qarşı ilk oyunu kimi tarixə düşüb. “Qarabağ” isə İngiltərə təmsilçilərinə qarşı keçirdiyi 10 matçda qələbə qazana bilməyib - 1 heç-heçə, 9 məğlubiyyət.
“Nyukasl” Çempionlar Liqasında əsas mərhələdə dördüncü dəfə iştirak edir və tarixində ilk dəfə pley-off raunduna yüksəlib. Baş məşqçi Eddi Haunun rəhbərliyi altında komanda son 8 oyunda cəmi 1 dəfə uduzub, 5 qələbə, 2 heç-heçəyə nail olub.
İngiltərə klubu evdə keçirdiyi son üç Çempionlar Liqası matçında qol buraxmayıb.
Qeyd edək ki, Qordon bu mövsüm Çempionlar Liqasında 10 qol vuraraq klub tarixində turnirin ən məhsuldar futbolçusu olub.
“Qarabağ” isə Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubudur. Qurban Qurbanovun komandası son illərdə avrokuboklarda sabit çıxışı ilə diqqət çəkir və iki oyundan ibarət son 10 qarşılaşmanın 8-də mərhələ adlamağı bacarıb.
Cavab görüşü "Sent Ceyms Park"da keçiriləcək. İlk oyundakı böyük hesablı qələbə “Nyukasl”ı aşkar favorit etsə də, “Qarabağ” səfərdə sürpriz etməyə çalışacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
24 fevral
00:00. "Nyukasl" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 3:2
Qollar: Sandro Tonali, 4. Joelinton, 6. Sven Botman, 52 - Kamilo Duran, 51. Elvin Cəfərquliyev, 57












































































