"Hamını təbrik edirəm. Çoxdandır qələbə qazanmırdıq".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin və "Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov "FIFA Series" turnirində Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
27 yaşlı yarımmüdafiəçi ilk dəfə milli komanda formasını geyinməyin sevincini bölüşüb: "İndi bəlkə də dünyada ən xoşbəxt insanam. Məşqçilərimiz sağ olsunlar, bunu hiss etməyim, millinin oyunçusu olmağım üçün birinci dəfə şans verdilər. İlk matçımda hər şey gözəl alındı. Bəli, hava çətin idi. Yağışda oynamaq həmişə çətindir. Amma sevinirəm ki, qələbə qazandıq. Çox sevinirəm".
Təcrübəli oyunçu çıxışlarından razılıq ifadə edib: "Məncə, oyunumuz yaxşı alındı. Doğrudur, meydança elə də yaxşı vəziyyətdə deyildi, amma hər imkanımızdan istifadə etməyə çalışırdıq. Meydançaya çıxarkən keçirdiyim hissləri demək çox çətindir. Doğrudan da çox çətinlikdən keçmişəm. Hər bir gəncə onu demək istəyirəm ki, həmişə "Sizdə heç nə alınmayacaq" söyləyən insanlar olacaq. Elə insanlara heç vaxt qulaq asmayın. Çalışın, axıradək maksimumunuzu qoyun, yaxşı olacaq. İlk oyunumda qələbə qazandıq. İkinci hissədə meydançaya çıxdım, millidə debüt etdim, qol ötürməsi verdim. Çox sevinirəm. Bu gecə bəlkə də yata bilməyəcəyəm (gülür - red.).
Hüseynov milyonları təmsil etməsinin qürurunu yaşadığını da vurğulayıb: "Həmişə millinin formasını geyinməyin, öz ölkəni təmsil etməyin necə olduğunu fikirləşirdim. Azərbaycan dilində də danışmağı yavaş-yavaş artırıram. Yaxşı oyun göstərməyə çalışırdım ki, bura elə-belə çağırılmadığımı hamı başa düşsün. Yenə də məşqçilərə, Ayxan Abbasova minnətdaram ki, bu şansı mənə verdilər".
O, gələcəklə bağlı hələ qərar vermədiyini söyləyib: "Həmişə məşqlərdə və oyunlarda maksimumumu ortaya qoymağı düşünürəm. Bu, klubda da belə indi, bundan sonra millidə də belə olacaq. Çalışacağam ki, yayda yenidən milliyə dəvət almaq üçün yenə klubda yaxşı çıxış edim" (CBC Sport).













































































