"Oyun çətin keçdi. Bilirdik ki, çətin matç olacaq. Hesabı ilk rəqib açdı. Lakin biz qələbə qazana bildik. Azarkeşlərə təşəkkür edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu Xaçmazın "Şimal" komandasının məşqçisi Mehman Səfərov "Qaradağ Lökbatan"ı 2:1 hesabı ilə məğlub edərək, I Liqada qalmağı təmin etdikləri pley-off oyunundan sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Siz matça əlavə hazırlıq görmüşdünüz?
- Xeyr. Hər bir komanda ilə matça necə hazırlaşırdıqsa, bu oyuna da elə hazırlaşmışdıq.
- Qışda legionerlərin transferi ilə komanda gücləndi. Gələn mövsüm üçün yeni oyunçular cəlb oluna bilərmi?
- Hələlik dəqiq bilmirəm. Onu bilirəm ki gələn mövsüm daha iddialı çıxış edəcəyik.
- Rəvan Abasov etdiyi hərəkətə görə cəzalandırılacaqmı?
- Sevincdən bunu görmədim. Önəmli bir şey olubsa, cəzalandırılacaq. Lakin vaxt qazanmaq üçün etdiyi hərəkəti deyirsinizsə, bu, peşəkar yanaşmadır.
- Növbəti mövsüm üçün nə kimi hazırlıqlar görəcəksiniz?
- Əsas problem stadiondur. Gələm mövsüm bizə yeni meydança ilə bağlı söz verilib.
- Sponsorla bağlı nə kimi addımlar atırsınız?
- Açığı, o məsələyə mən qarışmıram. Klub danışıqlar aparır.
- Siz gəldiyiniz vaxt qarşınıza I Liqada qalmaq məqsədi qoyulmuşdu. Gələn mövsüm üçün hədəf nə olacaq?
- Yəqin ki daha yaxşı hədəf olacaq.
- Növbəti mövsüm üçün nəzərdə tutduğunuz stadion haradır?
- Bizə Xaçmaz Olimpiya İdman Kompleksi deyilib (Futbol+).




































































