Fransa PSJ-sinin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının finalından sonra rus dilində verilən sualı cavablandırmaqdan imtina edib.
Sportnet.az xəbər verir ki, jurnalist futbolçuya belə müraciət edib:
— "Хвича, можно на русском: эмоции какие у тебя были? Все-таки..." (Xviça, olarmı rusca sual verim: Emosiyaların necə idi? Hər halda... - red.)
Kvaratsxeliya isə qısa şəkildə cavab verib:
— No, I can't speak, sorry ("Xeyr, danışa bilmirəm, üzr istəyirəm").
Qeyd edək ki, PSJ Çempionlar Liqasının 2025/2026 mövsümünün finalında İngiltərə “Arsenal”ını penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edərək titul qazanıb.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
25 yaşlı Kvaratsxeliya turnirin ən yaxşı futbolçusu seçilib. Gürcü hücumçu başa çatan mövsümdə Çempionlar Liqasında 16 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib. O, pley-off mərhələsində isə 7 qol və 4 assistlə yadda qalıb.
Xatırladaq ki, Xviça Kvaratsxeliya 2025-ci ilin yanvarından PSJ-də çıxış edir. O, daha əvvəl “Napoli”, Batumi “Dinamo”su, Kazan “Rubin”i, Moskva “Lokomotiv”i, “Rustavi” və Tbilisi “Dinamo”sunun formasını geyinib.
































































