Futbol üzrə Rusiya millisinin Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov Voronejin “Fakel” klubunda tutduğu baş seleksiyaçı vəzifəsindən ayrılır.
Sportnet.az xəbər verir ki, Rusiya klubunun mətbuat xidmətinin yaydığı məlumata əsasən, mütəxəssisin müqaviləsi iyunun 15-də başa çatır və yenilənməyəcək. Səmədov 2022-ci ildən etibarən “Fakel”in strukturunda çalışır.
“Bu, mənimlə həmişə qalacaq unudulmaz təcrübədir. Birlikdə çalışdığım hər kəsə, klubun irəli getməsi üçün dəstək verən insanlara təşəkkür edirəm. Azarkeşlərə isə xüsusi hörmətimi bildirirəm - siz özəlsiniz”, - deyə Səmədov bildirib.
Qeyd edək ki, sabiq futbolçu 2019-cu ildə Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununun rəsmi səfiri olub. Həmin görüşdə “Çelsi” klubu digər London təmsilçisi “Arsenal” üzərində 4:1 hesablı qələbə qazanıb.
Turnirin həlledici qarşılaşmasına həsr olunan tədbirlər çərçivəsində Səmədov Moskvada azarkeşlərlə görüşlərdə iştirak edib. O, bu görüşlərə tanınmış azərbaycanlı futbol veteranı Vəli Qasımov ilə birlikdə qatılıb.
Bundan başqa, Səmədova vaxtilə Azərbaycan millisində çıxış etmək təklifi də olunub. Lakin o, Rusiya yığmasını seçib və bu komandanın heyətində dünya və Avropa çempionatlarında iştirak edib.



















































































