
Türkiyə "Qalatasaray"ının baş məşqçi postuna namizədlərdən sayılan Devid Moyes İstanbula gəlib. Sportnet.az-ın məlumatına görə, ingiltərəli mütəxəssis klub prezidenti Ünal Aysalla görüşüb.
Görüşdən sonra Aysal müqavilə barədə danışmadıqlarını bildirib: "Moyes qonağımızdır. Bu axşam İstanbulu gəzəcək və İngiltərəyə dönəcək. Hazırda müqavilə imzalamağımız söhbət mövzusu deyil. İndiki məqamda Moyesi düşünmürük. Nə biz, nə də o tələsir. Hər zaman demişəm: ilk növbədə, almaniyalı baş məşqçilərə önəm verəcəyik. Onlarla anlaşmasaq, Moyes alternativ ola bilər. Özü say-seçmə mütəxəssislərdəndir".
Qeyd edək ki, Devid Moyes ötən mövsüm İngiltərə "Mançester Yunayted"ində uğursuz nəticələri ilə əlaqədar istefaya göndərilib. Amma daha öncə o, "Everton"un baş məşqçisi kimi 3 dəfə - 2003, 2005 və 2009-cu illərdə ən yaxşı baş məşqçi sayılıb. "Sky Sports" "Qalatasaray"ın Moyesə cəlbedici təklif ünvanladığını yazıb.