"Qarabağ”ın kapitanı Rəşad Sadıqov Premyer Liqada "Kəpəz”lə oyundan sonra brifinq keçirib. Təcrübəli müdafiəçi Sportnet.az-ın da suallarını cavablandırıb.
- "Kəpəz” üzərində asanlıqla qələbə qazandınız. Bunu gözləyirdiniz?
- Yox. Biz heç bir oyundan öncə qələbə qazanacağımızı fikirləşmirik. Ona görə ki, rəqiblər bizə qarşı istəkli, ciddi hazırlaşırlar. Maraqlı oyun izlədik və yaxşı nəticə əldə etdik.
- Oyunda aşkar üstün olmağımız sizi yormur?
- Rahatlaşamağa çalışırıq. Bizi qarşıda çətin oyunlar gözləyir. "Kəpəz” də pis oynamadı. Hər halda, mübatizə apara bildikləri qədər çalışdılar.
- Bu gün stadionda fərqli atmosferin olması sizə əlavə motivasiya verirdi?
- Əlbəttə. Stadionda çox gözl mühit vardı. Bu, bizə əlavə güc verirdi. Stadiona çoxlu azarkeşimizin gəlməyi, bütün 90 dəqiqə boyu əsgərlərimizlə bağlı şüarlar səsləndirmələri bizi sevindirir.
- Belə ab-havada meydana çıxanda özünüzü əsgər kimi hiss etmədiniz?
- İnanın, sanki cəbhədə idik. Stadionda bayraqların olması, himnin oxunması, azarkeşlərin əsgərlərə dəstəyi belə ab-hava yaratmışdı. Bir anlıq da olsa, özümüzü əsgərlərin yerində hiss etdik. Xalqımızın belə birlik göstərməsi çox önəmlidir. Bununla "Qarabağ" hamının bir olduğunu göstərdi.
- Çoxları gözləyirdi ki, komanda yoldaşın Mahir Mədətov "Xəzər Lənkəran”da oyunda qol vurandan sonra əsgər salamı verəcək. Amma o, bunu indi etdi. Səncə, bu, gecikmiş addım deyildi?
- Ola bilsin ki, Mahir iki qol vurduğu Lənkərandakı oyunda sevincindən həmin anı unutdu. Ancaq bu dəfə əsgər salamı verdi.
- Qazaxıstanla yoldaşlıq görüşündən öncə millimizin bəzi üzvlərinin dövlət himnimizi oxumaması xoş qarşılanmadı. Bu, millinin kapitanı kimi sizə necə təsir göstərdi?
- Açığı, bunu sizdən eşidirəm. Həmin halın bir daha təkrarlanmayacağına inanıram. Hər halda, buna diqqət yetirməyin lazım olduğu haqda daim aramızda söhbət gedir.
- Artıq bir müddətdir AFFA-nın məşqçi kurslarına qatılmısınız. Belə demək olar ki, mövsümün sonunda karyeranızı bitirəcəksiniz?
- Belə bir fikirdə deyiləm. Kurslara qatıldığıma görə sevinirəm. Ancaq məşqçi olmağı hələ qəti qərarlaşdırmamışam. Futbolda istənilən vəzifədə işləyənlərə kurslara qatılmağı məsləhət görərdim. Bu zamanı futbolu daha yaxçı biləcəklər.
- Qurban Qurbanov baş məşqçi kimi öz sözünü dedi. Sizcə, ikinci Qurban Qurbanova ehtiyac var?
- Bir Qurban Qurbanovumuz var. Hələ ki ikinciyə ehtiyac yoxdur.