"Yaxşı, savadlı oynadıq. Hesabı açmaq üçün imkanlarımız oldu. AZAL son oyunlarda qələbə qazanır, yaxşı çıxış edirdi, yəni yüksəlişdə idi. Belə çətin oyunda üç xal qazandığımız üçün razıyam". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının XXIX turunda AZAL-ı 1:0 hesabı ilə yendikləri ev oyunundan sonra deyib.
Gürcüstanlı mütəxəssis bildirib ki, komandası UEFA qadağası üzündən avrokuboklara yollana bilməsə belə, bu, komandasının motivasiyasına problem yaratmayacaq. O, fikrini "İnter"in futbolçularının peşəkarlığı ilə əsaslandırıb.
Baş məşqçi zədəli futbolçular haqda da danışıb: "Nizami Hacıyev müalicə olunur. Gənc futbolçu Qara Qarayev komanda ilə birgə məşq edir. Kamran Ağayev hələ 2 həftə müalicə olunacaq. Rauf Əliyev isə komanda ilə məşq edib və əvəzedici heyətdə oyunun bir hissəsində meydanda olub. Rauf fiziki baxımdan hazırdır, topla da məşğul olmağa başlayıb. Onu iki-üç turdan sonra əsas heyətdə görə biləcəyik".