"İlk növbədə, dövlətimizə başsağlığı verirəm. Şəhidlər vermişik. Azarkeşlərimiz də bu gün şəhidlərimizi yad etdilər. Biz də Vətənin əsgərləriyik, arxa cəbhədə vuruşuruq. Bizim də işimiz burdadır". Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov "Rəvan"ı səfərdə 4:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra CBC Sport-a deyib.
Gənc mütəxəssis bildirib ki, oyuna hazırlıqlı çıxmış və rəqibi hərtərəfli analiz etmişdilər: "Futbolçularımız tapşırıqlarımızı tam yerinə yetirdilər. Bunun nəticəsində qələbə qazandıq. Amma yenə çatışmazlıqlarımız var. Onları növbəti oyunlarda aradan qaldırmağa çalışacağıq".
Şükürov ikinci hissə başlarkən, Nelson Bonilya ilə arasındakı dialoqdan da danışıb: "Ona dəstək olduq ki, özünə inansın. İlk yarıda qol imkanları olsa da, yararlana bilməmişdi. Dedik ki, ilk 5 dəqiqədə qol imkanın olsa, şansından yararlan. O da yararlandı".