Ukraynalı futbolçu Aleksey Qay "Qəbələ”nin yeni bombardiri olub. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi buna Premyer Liqanın son turunda "Sumqayıt”la matçda (1:1) vurduğu qolla nail olub.
Qay bu rəqiblə ilk dövrədəki ev oyununun son dəqiqəsində komandasına penaltidən qələbə qazandırmışdı - 1:0.
"Qəbələ”nin Premyer Liqada uzun müddətdir bombardiri Alekseyin adaşı və həmyerlisi Aleksey Antonov idi. Ancaq hesabında 6 qol olan hücumçu qış fasiləsindən sonra susqunluq içərisindədir. Qay isə əksinə, bu il məhsuldarlıq nümayiş etdirir. Təsadüfi deyil ki, onun vurduğu qolların yarıdan çoxu 2016-cı ildə olub. Üstəlik, Qay ölkə kubokunda da bu il 3 qol vurub. Nəticədə hesabında 10 qol olan futbolçu komandasının cari mövsümdə də ən sərrast oyunçusudur.
Qeyd edək ki, Aleksey Qay ötən ilin qışından "Qəbələ”nin şərəfini qoruyur.