"Qəbələ" Azərbaycan Premyer Liqasında 5 oyunluq qələbə həsrətinə son qoyub. Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun yetirmələri buna 30-cu turun açılış matçında "Rəvan"la ev oyununda nail olublar - 2:0.
"Qırmızı-qaralar" sonuncu dəfə 24-cü turda martın 5-də "Neftçi"ni səfərdə 2:1 hesabı ilə məğlub etmişdi. Bundan sonra keçirilən 5 turun ilk 3-də məğlubiyyət, sonrakı 2-də heç-heçı qeydə alınaraq 2 xal qazanılmışdı. "Qəbələ" 41 gündən sonra çempionatda qələbə sevinci yaşamaqla eyni zamanda 4-cü dövrədə ilk dəfə meydanı 3 xalla tərk edib. Göründüyü kimi, "qırmızı-qaralar" martın 5-dən və 5 oyundan sonra ilk dəfə qələbə istəyinə çatıb.
Roman Qriqorçukun komandası cari çempionatda belə uğursuzluq sindromu ilə üzləşmişdi. Ancaq onda qələbəsizlik 6 oyun (5 xal) davam etmişdi. Yəni bu dəfə həmin uğursuz seriya təkrarlanmadı, 1 oyun qalmış bitdi. Maraqlıdır ki, onda da qələbəsizlik sindromu məhz "Neftçi" ilə səfər matçında qələbədən (1:0) sonra başlamış və autsayderlə (onda "Xəzər Lənkəran" üzərində səfərdə 1:0) matçda qırılmışdı.
Qeyd edək ki, "Qəbələ"nin çempionatda qalib gəlmədiyi 1 aydan artıq müddətdə qələbəsi olmuşdu. Sadəcə, martın 9-da həmin nəticə - "Zirə" üzərində Qəbələdə 5:1 hesablı ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında qeydə alınmışdı.