Almaniya kubokunda maraqlı olay baş verib. Sportnet.az-ın məlumatına görə, turnirin yarımfinalında "Bavariya" - "Verder" (2:0) oyununu idarə edən Tobias Ştiler matçdan sonra qonaq komandadan üzr istəyib.
Buna səbəb 35 yaşlı FİFA referisinin oyunun 71-ci dəqiqəsində Bremen təmsilçisinin qapısına səhv penalti təyin etməsidir. Həmin epizodda "Bavariya"nın çilili yarımmüdafiəçisi Arturo Vidal rəqib futbolçu Yanek Şternberqlə mübarizədən sonra yerə yıxılıb. Epizodun təkrarı Vidalın similyasiya etdiyini göstərib.
Elə baş hakim də bunu təsdiqləyib: ""Verder"dən üzr istəyirəm. Hər şey çox tez baş verdi. Hərçənd, yaxşı mövqedə idim. Mənə elə gəldi ki, futbolçular arasında kontakt oldu. Ancaq əslində, belə olmamışdı".
Gənc hakimin bu hərəkəti ona başucalığı gətirir. Hər halda, o, səhvini boynuna almaqda və buna görə cəzalandırdığı komandadan üzr istəməkdə özündə cəsarət tapıb. Bu hərəkət elə azərbaycanlı hakimlər üçün də yaxşı nümunə olmalıdır. Hər halda, doğru olmayan qərarı ötr-basdır etməkdənsə, səhvi etiraf etmək və bundan nəticə çıxartmaq daha düzgündür. "Bavariya"nın nüfuzu nə qədər böyük olsa da, Ştiler haqq-ədaləti daha üstün tutub.